Logo

BDU-da elmi seminar: “Ulu Öndər Heydər Əliyev irsinin biblioqrafik tədqiqi”

12.05.2025 15:52 52 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyev irsinin biblioqrafik tədqiqi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi Vəzufə Xudiyeva mövzu ilə bağlı məruzə edib.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan bildirilib.

Məruzə BDU Elmi şurasının qərarı ilə nəşr edilmiş “Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı” əsasında təqdim olunub. Bildirilib ki, biblioqrafik göstərici ilk dəfə 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin 80 illik yubileyi münasibətilə Əməkdar elm xadimi, professor Abuzər Xələfov və dosent Solmaz Sadıqova tərəfindən hazırlanıb: “Həmin ənənənin davamı olaraq əsər dosent Solmaz Sadıqova tərəfindən yenidən işlənib, eyni zamanda, son iki onilliyin nəşrləri əhatə olunmaqla yeni materiallarla zənginləşdirilib”.

Vəzufə Xudiyeva vurğulayıb ki, “Heydər Əliyev-100: Biblioqrafik məlumat kitabı” zəngin informasiya bazası ilə seçilir. Yeni nəşrdə Ulu Öndər Heydər Əliyevin əsərlərindən ibarət “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 46 kitabının bir mənbə altında biblioqrafik təsviri verilib, eyni zamanda, külliyyatın hər bir kitabının tərkibi açılıb. Bu, oxucuya biblioqrafik göstəricinin köməyilə çoxcildliyin hər bir cildi haqqında informasiya əldə etmək imkanı verir.

Tədqiqatçı kitabın məzmunu, quruluşu barədə mühüm informasiyaları iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, kitab 4 hissədən ibarətdir. Birinci hissə “Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti” adlanır. Burada Ulu Öndərin həyat və fəaliyyətinin salnaməsi xronoloji ardıcıllıqla təqdim olunur. Bu hissənin ikinci yarımbölməsində birinci məlumat kitabından fərqli olaraq, Ulu Öndər Heydər Əliyevin təltifləri də verilib. Birinci hissənin üçüncü yarımbölməsində dünya liderlərinin, görkəmli şəxsiyyətlərin Ulu Öndər haqqında söylədikləri qiymətli fikirlər, “Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları” adlı dördüncü yarımbölmədə isə müdrik rəhbərin qiymətli kəlamları əksini tapır. Biblioqrafik məlumat kitabının “Ümummilli Lider Heydər Əliyevin kitab şəklində nəşr edilmiş əsərləri” adlı ikinci hissəsi üç yarımbölmədən ibarətdir. Kitabın “Ümummilli Lider Heydər Əliyev haqqında ədəbiyyat” adlı üçüncü hissəsində materiallar səkkiz yarımbölmədə təqdim olunur. Bu hissədə Ulu Öndər haqqında müdafiə olunmuş dissertasiyaların verilməsi də yenidir. “Heydər Əliyev-100: biblioqrafik məlumat kitabı”nın sonuncu – dördüncü hissəsi “Yardımçı göstəricilər” adlanır. Burada Heydər Əliyevin əsərlərinin əlifba göstəricisi və Ümummilli Lider haqqında yazan müəlliflərin əlifba göstəricisi verilir. Biblioqrafik əsərə iki adda köməkçi aparatın verilməsi kitabdan istifadəni asanlaşdırır, məlumat axtarışını daha səmərəli edir: “Biblioqrafik əsər geniş oxucu kütləsi, müxtəlif elm sahələrində fəaliyyət göstərən alimlər, tədqiqatçılar, müəllimlər, tələbələr, ümumiyyətlə, bütün oxucu qrupları üçün əvəzsiz mənbədir”.

Elmi seminar çıxışlarla davam edib.

Xəbər lenti