Bu gün müasir Azərbaycan dövlətinin memarı, uzaqgörən və müdrik siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü böyük ehtiramla qeyd edirik. Dahi şəxsiyyətin zəngin siyasi irsi, milli dövlətçiliyimizin əsaslarını formalaşdıran müdrik qərarları və xalqımıza göstərdiyi misilsiz xidmətlər daim minnətdarlıqla xatırlanır.
Bu fikirlər Qarabağ Universitetinin rektoru Şahin Bayramovun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı məqaləsində yer alıb.
Tehsil.biz məqaləni təqdim edir.
Heydər Əliyev yalnız Azərbaycanın deyil, eyni zamanda dünya siyasətinin qlobal nüfuzlu liderlərindən biri kimi tanınıb. Əbədiyaşar liderin titanik fəaliyyətində milli maraqlara sarsılmaz sədaqət, milli mənəvi dəyərlərə yüksək ehtiram, xalqla səmimi bağlılıq daim aparıcı yerdə olub.
Ulu Öndər, Azərbaycanın ən çətin günlərində xalqın xilaskarı kimi şərəfli tarix yazaraq dövlətçiliyimizi xilas edib, ölkəmizin sabitliyi və təhlükəsizliyini bərpa edib. Onun müəllifi olduğu hərtərəfli inkişaf strategiyası bu gün də ölkəmizin davamlı yüksəlişinin əsasını təşkil edir.
Heydər Əliyev ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan regionda və beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir, dinamik və sürətli inkişaf yolunda inamla irəliləyir.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər – ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Heydər Əliyev siyasətinin təntənəsi, Azərbaycan xalqının iradəsinin və ordumuzun gücünün təzahürüdür. Bu qələbə həm də yeni tariximizin ən şanlı və qürurverici səhifələrini təşkil edir.
Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bu gün Ulu Öndərin görmək istədiyi qüdrətli Azərbaycanın parlaq reallığına çevrilib. Qarabağ Universiteti də bu proseslərin mərkəzində yer alaraq bilik, elm və milli-mənəvi dəyərlərin daşıyıcısı kimi fəaliyyətini davam etdirir.
Universitetimizdə Heydər Əliyev irsinin öyrənilməsi və təbliği xüsusi yer tutur. Gənc nəslin bu irsdən bəhrələnməsi, milli dəyərlərə bağlı, vətənpərvər və vətəndaş mövqeli şəxsiyyət kimi yetişməsi əsas məqsədlərimizdəndir. Bu istiqamətdə universitetimizdə mütəmadi olaraq müxtəlif tədbirlər, elmi konfranslar və seminarlar keçirilir. Ümummilli Liderimizin zəngin ideyaları bizim üçün yol göstərən mayak olaraq fəaliyyətimizin bütün istiqamətlərində müstəsna rol oynayacaq.