Logo

Azad yurdun yeni növrağı: "Burada bərpa olunan Qarabağı görürük"

11.05.2025 10:34 53 baxış
IMG

İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan 14-cü yaşayış məntəqəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli (Pirhəsənli Kəngərlisi – red.) kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verib.

Qeyd edilib ki, işğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

***

Prezident İlham Əliyev Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub.

Burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.

***

Dövlətimizin başçısı kənddə klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. İkimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.

***

Sonra Prezident İlham Əliyev Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Yeni istifadəyə verilən Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.

***

Daha sonra dövlətimizin başçısı Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Məlumat verilib ki, müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

Ölkəmizdə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam edir. Həyata keçirilən bu layihələr həmin ərazilərimizə köçən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələrindəndir.

***

Prezident İlham Əliyev Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb.

***

Sonra dövlətimizin başçısı kəndə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim edib.

"Qarabağı hamımız birlikdə quracağıq"

"Siz uzun illər ağır şəraitdə - ölkəmizin müxtəlif yerlərində yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, müəyyən müddət isə çadır şəhərciklərində yaşamısınız. Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır. Mənfur düşmən bütün bu bölgəni viran qoymuşdu. Ağdam rayonunda bir dənə də salamat bina qalmamışdır. Şəhər, bütün kəndlər tamamilə yerlə-yeksan edilmişdir. Təkcə Ağdamda yox, demək olar ki, o vaxt işğal altında olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən məqsədyönlü siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Onlar istəyirdilər bu torpaqları əbədi işğal altında saxlasınlar. Onlara mənəvi və maddi dəstək verən bəzi ölkələr də onlarla həmrəy idi. Amma onlar bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişdilər.

Bütün bu əzablı illər arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır. Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək. Hər cür şərait var. Gözəl evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi - hər şey var. Əkin üçün yerlər ayrılacaq. İndi bəzi torpaqlarda artıq minatəmizləmə işləri başa çatıb. Mən göstəriş vermişəm, sakinlərə torpaq sahələri də veriləcək. Həyətyanı sahə də 12 sotdur. Orada da əkib-becərmək mümkündür. Yəni, həyat qayıdır, ədalət zəfər çalıb, ədalətin təntənəsidir. Biz bunun şahidiyik", – deyə Prezident İlham Əliyev sakinlərlə görüşdə bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, ötən illərdə köçkünlər çətin şəraitdə yaşayıblar: "İşğal dövründə köçkünlərlə mənim çoxsaylı görüşlərim olub, həm çadır şəhərciklərində, - onlara söz vermişdim ki, birinci prezidentlik dövrümdə bir dənə də çadır şəhərciyi qalmayacaq və artıq 2007-ci ildə bir dənə də qalmamışdı, - həm də yeni salınmış qəsəbələrdə, qəsəbələrin açılışında. Biz 300 minə yaxın ovaxtkı köçkünü gözəl evlərlə təmin etmişdik. O görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir, torpaqlar azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq.

Bugünkü mərasim o sözlərin, necə deyərlər, möhürüdür. Bilirəm, sizdə də, bizdə də - bütün Azərbaycan xalqında heç vaxt şübhə olmayıb ki, biz öz torpaqlarımıza qayıdacağıq. Amma çox möhtəşəm qayıtdıq. 44 gün ərzində düşməni böyrü üstə qoyduq. Ondan sonra da 23 saat ərzində, bəlkə də daha da tez separatçıların kökünü tamamilə kəsdik. Siz - yaşlı nəslin nümayəndələri sovet dövrünü xatırlayırsınız. O vaxt sizin yanınızda yaşayan, bizim torpaqlarımıza çar Rusiyası tərəfindən köçürülən ermənilər bizə, xalqımıza, xüsusilə ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlılara mənfi münasibət göstərirdilər, həm Xocalıda, həm Şuşada onlar mənəvi əzab çəkirdilər.

Bu gün isə Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar".

Prezident onu da diqqətə çatdırıb ki, Kəngərli kəndi işğaldan azad edilmiş ərazilərdə bərpa olunan sayca 14-cü, Ağdam rayonunun isə ikinci yaşayış məntəqəsidir: "Birinci Sarıcalı, indi Kəngərli. Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq. Yəni, siz burada darıxmayacaqsınız, qohum-əqrəba, dost, tanış – hamınız birlikdə bu bölgəni – Qarabağı quracaqsınız, hamımız birlikdə quracağıq".

"Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır”, – deyə dövlətimizin başçısı əlavə edib.


 

Xəbər lenti