Mayın 8-də “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib. Konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
TƏHSİL.BİZ xəbər verir ki, konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə akademiyada keçirilən tədbirlərdən söz açıb. Dahi liderin həyatının bütün dövründə Azərbaycan xalqının taleyində mühüm rol oynadığını deyən akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev sovet dövründə rəhbərliyə hiss etdirmədən xalqımızı milli oyanışa hazırlayıb, azərbaycançılıq ideologiyasını xalqımıza aşılayıb, peşəkar milli kadrların hazırlığına xüsusi diqqət yetirib. Ümummilli Liderin təşəbbüsü və qətiyyəti ilə ana dilimiz dövlət dili statusu alıb və 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında rəsmi şəkildə öz təsbitini tapıb.
Akademik İsa Həbibbəyli müstəqillik dövründə Ulu Öndərin hakimiyyətə qayıtması ilə ölkədə hərc-mərcliyə son qoyulduğunu, sabitliyin təmin edildiyini, ordu quruculuğuna başlanıldığını, “Əsrin müqaviləsi”nin imzalandığını, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini, beynəlxalq əlaqələrin genişləndirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, dahi rəhbərin başladığı işi Prezident İlham Əliyev müasir dövrün çağırışları işığında daha da zənginləşdirərək Azərbaycanı nəinki regionda, dünyada söz sahibi olan ölkələrdən birinə çevirib, respublikamızın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub və bu gün qalib xalq kimi fəxrlə yaşayırıq.
Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının tarixində və taleyində mühüm rol oynadıqlarını deyən akademik bildirib ki, AMEA-nın dövlət səviyyəsində ilk dəfə yubileyi məhz Ümummilli Liderin təşəbbüsü ilə 1975-ci ildə keçirilib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ulu Öndər Elmlər Akademiyasının taleyi ilə bağlı yaranmış suallara birdəfəlik son qoyub və ziyalılarımızla mütəmadi görüşərək onlara öz tapşırıq və tövsiyələrini verib. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən akademiyanın 60, 70 illik yubileylərinin və bu il martın 18-də isə 80 illik yubileyinin qeyd olunması haqqında sərəncamlar imzalanıb. Akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyinin həm Azərbaycanda, həm də dost və qardaş ölkələrin akademiyaları ilə birgə yüksək səviyyədə keçiriləcəyini söyləyib. Qeyd edib ki, akademiya dövlətimizin başçısının yaratdığı geniş imkanlardan istifadə edərək Azərbaycan elmini dünyada tanıtmaq, beynəlxalq əlaqələrini genişləndirmək və dünyanın nüfuzlu elmi qurumları arasında söz sahibinə çevrilmək üçün önəmli addımlar atır.
“Azərbaycan xalqı müstəqil və güclü dövlət quruculuğu üçün hər zaman Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə minnətdardır. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev olmasaydı, bugünkü inkişaf edən Azərbaycan olmazdı. Qarabağ Zəfəri, Böyük Qayıdış hərəkatı, Elmlər Akademiyası olmazdı. Hər zaman Azərbaycan elminə xüsusi qayğı ilə yanaşan görkəmli dövlət xadimlərimizə əbədi olaraq minnətdarıq”, - deyən akademik İsa Həbibbəyli vurğulayıb.
Konfransda, həmçinin AMEA-nın akademik-katibi akademik Arif Həşimov “Heydər Əliyev Elmlər Akademiyasının intibah dövrünün yaradıcısıdır”, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi dosent Tamilli Kərimova-Kosayeva “Müstəqillik dövründə Heydər Əliyevin Milli Akademiya quruculuğu sahəsindəki xidmətləri” və AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri dosent Sərxan Xavəri “Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında İlham Əliyev dövrü: modernləşdirmə, yeniləşmə və islahatlar mərhələsi” mövzularında məruzə ilə çıxış ediblər.
Tədbirdə AMEA-nın vitse-prezidentləri – akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova və AMEA-nın müşaviri akademik Adil Qəribov çıxış edərək Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarışındakı tarixi xidmətlərindən və Azərbaycan elminə, alimlərinə göstərdikləri qayğıdan danışıblar.