Son zamanlar Azərbaycanda təhsil müəssisələrində maraqlı və birmənalı qarşılanmayan yeni bir yanaşma müşahidə olunur: məktəb müəllimlərinə sosial şəbəkələrdə, xüsusən də TikTok platformasında təhsillə bağlı, tədris etdikləri fənlərlə əlaqəli daha çox paylaşım etmələri tövsiyə olunub. Bu istiqamətdə artıq bəzi məktəblər daxilində təşviqat aparılır, müəllimlərə maarifləndirici kontent yaratmaq üçün çağırışlar edilir.
Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, bu tendensiyanın arxasında dayanan məqsəd müəllim imicinin müasirləşdirilməsi, fənlərin şagirdlər və valideynlər üçün daha cəlbedici formada təqdim olunmasıdır. Onun sözlərinə görə, “TikTok artıq təkcə əyləncə platforması deyil. Bu gün gənc nəslin, xüsusilə məktəblilərin zamanlarının böyük hissəsini keçirdiyi bir məkandır. Əgər biz şagirdə dərsi orada çatdıra biliriksə, bu bizim üçün strateji üstünlükdür”.
Statistik göstəricilər də bu fikirləri dəstəkləyir. 2024-cü ilin sonunda yayımlanan “We Are Social” və “DataReportal” tədqiqatlarına əsasən, Azərbaycanda aktiv TikTok istifadəçilərinin sayı 2.2 milyona çatıb və onların 60 faizindən çoxu 13-24 yaş arası gənclərdir. Bu, təhsilin auditoriyasının bir hissəsinin artıq məhz bu platformada cəmləşdiyini göstərir. Təhsil eksperti Kamran Əsədov bildirir ki, “əgər müəllimlər şagirdlərə çatmaq, fənnə marağı artırmaq istəyirlərsə, onların olduğu yerdə olmalıdırlar. Bugünkü reallıq budur ki, bu yer sosial şəbəkələrdir, xüsusilə də TikTok”.
Bəzi müəllimlər bu göstərişi anlayışla qarşılayır, bəziləri isə bu yükün əlavə stress və zaman itkisi olduğunu düşünür. Kamran Əsədov bu narahatlıqlara da toxunaraq qeyd edir ki, burada əsas məsələ məcburi sosial media fəaliyyəti deyil, müəllimlərin dəstək alması və maarifləndirilməsi olmalıdır. “Əgər müəllimlərə bu kontenti necə hazırlamaq, necə daha effektiv şəkildə təqdim etmək öyrədilərsə, onlar da nəticə əldə edə biləcəklər. Bu gün bir çox inkişaf etmiş ölkələrdə müəllimlər YouTube, TikTok, Instagram kimi platformalarda maarifləndirici kontentlərlə auditoriya formalaşdırır və nəticədə həm şagirdlərlə daha yaxın ünsiyyət qururlar, həm də ictimai nüfuzlarını artırırlar”.
Kamran Əsədov sitat gətirir ki, “təhsil yalnız sinif otağında baş vermir. Rəqəmsal dövrdə müəllimlərin sinif divarlarını aşması vacibdir. Bu həm müəllim nüfuzunu artırır, həm də fənlərə marağı yüksəldir”. Onun fikrincə, bu addım eyni zamanda müəllimlərə peşəkar portfel formalaşdırmaq imkanı verir və gələcəkdə onların fəaliyyətlərinin ictimai qiymətləndirilməsi üçün də əsas olacaq. “Sabah müəllim iş yerini dəyişəndə, onun TikTok və ya digər sosial platformalarda paylaşdığı dərs izahları, tədris metodları və auditoriyaya yanaşması onun peşəkarlığının açıq göstəricisinə çevriləcək”.
Məlumdur ki, sosial mediada olan müəllim kontentlərinin böyük əksəriyyəti artıq bu gün dünya miqyasında milyonlarla izləyici tərəfindən izlənilir. Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, “gənclərlə eyni məkanda, eyni dildə danışmaq bacarığı artıq müəllimlik peşəsinin vacib komponentinə çevrilir. TikTok-da bir riyaziyyat nümunəsinin 30 saniyəyə izahı şagirdə dərs kitabından daha çox təsir edə bilər”.
Bununla yanaşı, Kamran Əsədov həm də etik və peşəkar çərçivələrin qorunmasının vacibliyinə diqqət çəkir. Onun fikrincə, müəllim kontenti hazırlayarkən tədris keyfiyyəti ilə yanaşı, nümunəvi davranış və sosial məsuliyyət da unudulmamalıdır. “Müəllim həm də cəmiyyətin rol modelidir. TikTok-da paylaşılan materiallar həm faydalı, həm də etik olmalıdır. Əks halda, bu təşəbbüs ictimaiyyətin əleyhinə çevrilə bilər”.
Nəticə etibarilə, məktəblərdə müəllimlərin sosial mediada aktivləşməsi, xüsusilə də TikTok platformasında təhsillə bağlı kontentlərin artması çağırışı, bir tərəfdən müasir dövrün tələbidir, digər tərəfdən isə bu, düzgün istiqamətləndirilmədiyi təqdirdə risk də daşıya bilər. Təhsil eksperti Kamran Əsədov bildirir ki, bu təşəbbüs davamlı şəkildə dəstəklənməli, müəllimlərə texniki və metodiki kömək göstərilməlidir: “Əgər bu proses planlı, sistemli və peşəkar şəkildə idarə olunarsa, nəticədə həm müəllimlər, həm şagirdlər, həm də bütövlükdə cəmiyyət fayda qazanacaq”.
Bəhman Hüseynli