“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi “Təhsildə könüllü fəaliyyətin təşkili” müsabiqəsi çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Ölkədə peşə təhsilinə marağın artırılması” layihəsini həyata keçirir. Layihə əsasında aparıcı peşə məktəblərində təhsil alan tələbələr üçün kommunikasiya üzrə təlimlər təşkil olunub.
İctimai Birlikdən Tehsil.biz-ə bildirilib ki, iki gün davam edən təlimlər “Viva” Kommunikasiya Agentliyinin qurucuları - media, PR və marketinq sahəsində tanınmış mütəxəssislər Vüqar Baba və Emin Hüseynzadə tərəfindən keçirilib. Təlimlərdə peşələrin tanıdılması prosesində kommunikasiyanın rolu, müasir dövrdə effektiv PR alətləri, kommunikasiya kanalları, şəxsi brendinq və influenser marketinqi mövzuları ətrafında praktiki biliklər təqdim edilib.
Təlimlərin məqsədi peşə təhsili tələbələrinin öz sahələrini ictimaiyyətə tanıtmaq bacarığını artırmaq, şəxsi brendlərini formalaşdırmaq və daha geniş auditoriyaya çatdırmaq üçün müasir kommunikasiya metodlarından düzgün istifadəni təşviq etmək olub.
Sessiyalarda qonaq qismində iştirak edən ingilis dili mentoru Firdovsi Kərimov da şəxsi brendin formalaşdırılması sahəsindəki təcrübəsini tələbələrlə bölüşüb.
Təlimlərin davamında iştirakçılara onlayn tapşırıqlar təqdim olunacaq. Bu tapşırıqlar vasitəsilə tələbələr öyrəndikləri bilik və bacarıqları praktiki şəkildə tətbiq edəcəklər. Layihə çərçivəsində, həmçinin bir neçə tanınmış influenserlərlə görüşlər, müxtəlif özəl və dövlət qurumlarına tanışlıq səfərləri də planlaşdırılıb.
Qeyd edək ki, layihənin icrasına Peşə Təhsili üzrə Dövlət Agentliyi də dəstək göstərir.