Logo

Arxeologiya və Antropologiya İnstitutunda Almaniya şirkətinin nümayəndələri ilə görüş olub

07.05.2025 12:04 56 baxış
IMG

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev elmi yenilikləri ilə dünyada məşhur olan Almaniyanın “Carl Zeiss” şirkətinin nümayəndələri ilə görüşüb.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, Fərhad Quliyev qonaqlarla görüşdə “Carl Zeiss” şirkəti ilə əməkdaşlığın ümumilikdə Azərbaycan elmi üçün əhəmiyyətini vurğulayıb. Şirkətin satış üzrə vitse-prezidenti Jose Novoa öz növbəsində qədim tarixə malik Azərbaycanda şirkətin nümayəndəliyinin yaradılmasını böyük uğur kimi dəyərləndirib və azərbaycanlı partnyorlarla əməkdaşlığın böyük perspektivlərindən söz açıb. Bildirilib ki, şirkət 179 ildir mövcuddur. Onun partnyorları sırasında 90 illik tarixə malik olanları da var. Bu gün “Carl Zeiss” şirkəti yüzlərlə çeşiddə məhsul istehsal edir ki, onların sırasında kosmik tədqiqatlardan tutmuş mikro və nanomiqyaslı texnologiyalarda istifadə olunan müxtəlif çeşidli yüksəkkeyfiyyətli cihazlar var. Şirkət təkcə yüksək keyfiyyətli optik məhsulun istehsalı ilə kifayətlənmir. “Carl Zeiss” elmi tədqiqatları, innovasiyaları dəstəkləyir, onun elmi-tədqiqat müəssisələri fəaliyyət göstərir, şirkətin təsiri faktiki fundamental elmin və praktiki texnologiyaların bir çox sahəsinə yayılıb. Buna görə də artıq müasir elmi və texnoloji məkanda “Zeiss dünyası” adlı anlayış bərqərar olub. Yüksək texnologiyalar üzərində öz fəaliyyətini kökləmiş transmilli korporasiyalardan başlayaraq adi istifadəçiyə qədər “Zeiss dünyası”nın nailiyyətlərindən faydalanır.

F.Quliyev bildirib ki, hazırda Azərbaycan arxeologiyası müasir dünyanın çağırışlarına cavab verən standartlar üzrə yenidən qurulmaqdadır. Əvvəlki təsviri arxeologiya öz yerini multidisiplinar, rəqəmsal arxeologiyaya verməkdədir. Yeniliklər Azərbaycanda bütün elmi-tədqiqat və təhsil sahələrini əhatə etməkdədir. Sözsüz ki, belə bir dönəmdə “Carl Zeiss” şirkətinin məhsullarına da böyük ehtiyac var. O, şirkət və institut arasında əməkdaşlıq üçün bir sıra təkliflər verib. Bildirib ki, ilk növbədə, şirkət arxeologiya sahəsində istifadə edilən məhsulları ilə tanışlıq üçün institutun kollektivinə xüsusi seminar keçirməlidir. Yüksək texnoloji məhsullar barədə institut yetərli məlumatlanmalı, təklif edilən məhsullar və xidmətlər içərisində seçimini etməlidir. Digər əməkdaşlıq aspekti isə əldə ediləcək cihazlardan istifadə üçün şirkət tərəfindən institut əməkdaşlarının ixtisas təcrübəsi ilə təmin edilməsidir.

Fikir mübadiləsi şəraitində keçən görüşdə gələcəkdə tərəflər üçün faydalı olacaq əməkdaşlığın müxtəlif aspektlərinə də toxunulub.

Xəbər lenti