Logo

Psixologiya Elmi-Tədqiqat İnstitutunda aparılan tədqiqat beynəlxalq elmi jurnalda dərc olunub

05.05.2025 11:04 40 baxış
IMG

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Beyin və davranış Laboratoriyasında aparılmış elmi-tədqiqat “Scopus”, “EMBASE” (Elsevier), “Index Copernicus”, “Google Scholar” kimi nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəsmi nəşri olan Azərbaycan Tibb Jurnalında (Azerbaijan Medical Journal) dərc olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, “Təşvişi yenidən proqramlaşdırmaq: QEEG analizi ilə neyrofeedback cihazının gücünü kəşf etmək” adlı bu tədqiqat adıçəkilən institutun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, klinik psixoloq Narınc Rüstəmova, psixoloqlar Səyanə Əliyeva, Ülkər Zalova Nuriyeva, Sevil Abbasova, həmçinin İran İslam Respublikasının mütəxəssisləri Masoud Nosratabadi və Nader Alirezaloo tərəfindən həyata keçirilib.

Araşdırmanın əsas məqsədi – təşviş pozuntularının azaldılmasında neyrofeedback cihazının effektivliyini və bu müdaxilənin beyinin elektrik aktivliyi (QEEG) üzərində yaratdığı neyrofizioloji dəyişiklikləri qiymətləndirməkdir. Pre-post dizaynlı bu tədqiqat, klinik təsirin neyrobioloji əsaslarını empirik şəkildə ortaya qoyur.

Tədqiqat kimlər üzərində aparılıb?

Tədqiqatda DSM-5 diaqnostik meyarlarına əsasən təşviş pozuntusu diaqnozu almış, yaşları 18-65 aralığında dəyişən 40 yetkin insan (orta yaş 34.7) iştirak edib. Onların 55%-i qadın, 45%-i isə kişidir. İştirakçılar arasında ən çox rast gəlinən diaqnozlar generalizə olunmuş təşviş pozuntusu (45%), sosial təşviş pozuntusu (30%) və panik pozuntu (25%) olub. Tədqiqata yalnız psixotrop dərman qəbul etməyən, nevroloji və maddə istifadəsi problemi olmayan şəxslər cəlb edilib.

Əldə olunan nəticələr nəyi göstərir?

“Neyrofeedback” metodunun müdaxiləsindən sonra aparılan QEEG analizləri alfa dalğalarının artması, yüksək beta dalğalarının azalması və theta/beta nisbətinin yüksəlməsi kimi əhəmiyyətli neyrofizioloji dəyişiklikləri ortaya qoyub. Bu dəyişikliklər emosional tənzimləmə və kortikal oyanıqlıqla əlaqələndirilib,təşviş simptomlarının azalması ilə güclü korrelyasiya göstərmişdir ki, bu da “neyrofeedback”metodunun klinik effektivliyinə dair mühüm sübut kimi qiymətləndirilir.

Tədqiqat “neyrofeedback”in təsirini ənənəvi olaraq fokuslanılan frontal bölgədən fərqli olaraq, təşvişin formalaşmasında rolu ola biləcək, lakin daha az araşdırılmış posterior (arxa) beyin bölgələri üzərində dəyərləndirilib. 
Bu yanaşma mövcud elmi ədəbiyyata yeni və dəyərli töhfədir.

Bu tədqiqat niyə önəmlidir?

Ənənəvi yanaşmalar – dərman terapiyası və Koqnitiv Davranış Terapiya (CBT) – bəzi şəxslərdə yetərli nəticə verməyə bilər. “Neyrofeedback” isə qeyri-invaziv, dərmansız və fərdiləşdirilə bilən bir alternativ kimi təşviş pozuntularının müalicəsində yeni ümidlər vəd edir.

 

 

 

 


 

Xəbər lenti