Logo

Türkiyənin “Roketsan” şirkətinin nümayəndələri BMU-da olub

30.04.2025 08:34 100 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Türkiyənin raket istehsalı ilə məşğul olan “Roketsan” şirkətinin Azərbaycandakı təmsilçisi “Azroksan”ın rəhbərliyi ilə görüşüb. Görüşdə “Bayraktar Teknoloji Azerbaycan” və Sumqayıt Texnologiyalar Parkının (STP) nümayəndələri də iştirak ediblər.

Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan məlumat verilib.

Təmsil etdiyi şirkət haqqında ətraflı informasiya verən Mehmet Ali Tahancalıo “Azroksan”ın Türkiyənin raket istehsalı ilə məşğul olan “Roketsan” şirkətinin Azərbaycandakı təmsilçisi kimi fəaliyyət göstərdiyini bildirib. “Roketsan” ilə STP-nin birlikdə yaratdığı “Azroksan”ın hədəflərini diqqətə çatdıran qonaq şirkətin müdafiə sənayesi üçün məhsullar istehsal və dizayn etmək, eləcə də satışını həyata keçirmək istiqamətində çalışdığını deyib. Habelə bunun üçün bacarıqlı mühəndislərə ehtiyac duyulmasından, BMU ilə əməkdaşlığın əhəmiyyətindən, mexanika, elektrik və elektronika, kimya mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrə şirkətdə, həmçinin Türkiyədə nüfuzlu müəssisələrdə təcrübə imkanlarının yaradılması mümkünlüyündən danışıb.

Görüşdə BMU haqqında qonaqlara geniş məlumat verən rektor Yaqub Piriyev universitetin mövcud imkanları, elmi-tədqiqat potensialı, Cənubu Koreya və Çin universitetləri ilə ikili diplom proqramları barədə zəruri informasiyaları təqdim edib. Universitet-sənaye işbirliyinin əhəmiyyətini vurğulayan rektor bu baxımdan qardaş ölkə olan Türkiyənin nüfuzlu şirkətləri, o cümlədən “Bayraktar Texnoloji Azerbaycan” ilə qurulan əlaqələrə, bu yaxınlarda imzalanmış müqaviləyə diqqət çəkib.

Yaqub Piriyev universitetdə nəzərdə tutulan yeniliklər, eləcə də BMU tələbələrinin uğurlu startap layihələrindən ətraflı bəhs edib və mümkün əməkdaşlıq istiqamətlərini vurğulayıb.

STP Şirkətlər Qrupunun rəsmisi Nigar Bayramova görüşdə “Sabahın gücü” inkişaf proqramı haqqında məlumat verib. Proqramın mühəndislik sahəsində təhsil alan gənclərin sənaye mühəndisliyi istiqamətində peşəkar inkişafını yüksəltmək məqsədilə yaradıldığı qeyd olunub.

Müzakirələrlə davam edən görüşdə yaxın gələcəkdə BMU ilə “Azroksan” arasında əməkdaşlıq müqaviləsinin imzalanması məsələsi nəzərdən keçirilib.

Sonda qonaqlar BMU-nun laboratoriyaları, Texnoparkı ilə tanış olublar.

Xəbər lenti