Logo

Azərbaycan ilə İran arasında imzalanmış sənədlər əməkdaşlığın inkişafında yeni prespektivlər vəd edir

30.04.2025 16:46 104 baxış
IMG

İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir.

Azərbaycanın xarici siyasətində İran İslam Respublikası ilə əlaqələr həmişə başlıca yerlərdən birini tutmuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlişindən sonra İranla münasibətlər yeni mərhələyə qədəm qoyub. 1993-cü ilin oktyabr ayında “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və qardaşlıq münasibətlərinin prinsipləri haqqında” 22 maddəlik memorandumla yanaşı, siyasi, ticarət, iqtisadi, elmi-texniki, mədəni və humanitar əlaqələrə dair 14 sənəd imzalanıb.

Hazırda İran və Azərbaycan iki regional üçlükdə təmsil olunurlar: Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya. Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri arasında mütəmadi görüşlər keçirilməsi haqqında ilk razılaşma 2010-cu ildə İstanbulda keçirilən İƏT-in sammitində əldə edilmişdir. 2011-ci ildən mütəmadi olaraq keçirilən üçtərəfli görüşlərdə xarici işlər nazirləri viza rejiminin sadələşdirilməsi, xalqlar arasında təmasların genişləndirilməsi, təhlükəsizlik və beynəlxalq təşkilatlarda əməkdaşlığın artırılması, birgə mədəni proqramların təşkili, üç ölkənin təhlükəsizlik və kəşfiyyat təşkilatları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq, silah və narkotik maddə qaçaqmalçılığı, insan alveri, habelə miqrant qaçaqçılığı ilə mübarizə sahəsində əməkdaşlığa dair bəyannamələr qəbul etmişlər. İran öz məhsullarını dünya bazarına çıxarmaq üçün Azərbaycan və Türkiyənin enerji və nəqliyyat xətlərinədair birgə layihələrində iştirak etməklə üçtərəfli iqtisadi əməkdaşlığı daha da genişləndirə bilər.

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub. Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olunub. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edilib. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Bir daha diqqətə çatdırılıb ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlər əməkdaşlığın inkişafında yeni prespektivlər vəd edir. "Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq" - deyə Ölkə başçısı cənab İlham Əliyev bildirib.

Göründüyü kimi, Azərbaycan-İran arasında yeni əməkdaşlıq münasibətləri yaranıb və hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən - ticarət, nəqliyyat, energetika və digər sahəsində əməkdaşlığı gücləndirərək yeni imkanlar əldə ediləcəkdir. Hazırda Azərbaycan və İran arasında iqtisadi-ticari əlaqələr dinamizmlə inkişaf edir. Azərbaycanın İranla tarixi-mədəni bağları gələcəkdə bu əməkdaşlığın daha da güclənməsinə töhfədir. İran İslam Respublikası ilə münasibətlər iqtisadi və strateji əməkdaşlıqla məhdudlaşmır, əsrlər boyu davam edən tarixi, mədəni və dini yaxınlıqla daha da möhkəmlənir. Bütün bunlar, bu iki ölkənin həm coğrafi, həm də mənəvi baxımdan bağlı olduğunu əks etdirir.

 

Günay MƏHƏRRƏMOVA,

ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri

Xəbər lenti