Özbəkistanın Xivə şəhərində keçirilən İkinci Türk Dünyası Mədəniyyət Forumu və IV Beynəlxalq “Baxşı” festivalında iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev və institutun bir qrup elmi işçisi Urgənc Dövlət Universitetini (UDU) ziyarət ediblər.
Folklor İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, səfər çərçivəsində UDU-nun rektor əvəzi Sərdar Xocaniyazov, Beynəlxalq əlaqələr üzrə prorektoru Qayrat Orazboyev, filologiya və incəsənət fakültəsinin dekanı Dilşad Qayıpov, fakültənin kafedra müdirləri və digər məsul şəxslərin iştirakı ilə rəsmi görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, tarixi, mədəni və mənəvi əlaqələrin dərinliyi, dil və ənənə birliyi, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər elmi və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, bu məqsədlə iki qurum arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Sənəd birgə elmi tədqiqatların aparılması, yeni layihələrin hazırlanması və icrası, eləcə də ortaq elmi nəşrlərin həyata keçirilməsini nəzərdə tutur.
Sonra qonaqlar Filologiya və İncəsənət fakültəsində fəaliyyət göstərən “Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan-Özbək Dostluq Mərkəzi” ilə tanış olublar və dərs prosesində iştirak ediblər.