Logo

ADA Universitetində 13-cü Karyera Sərgisi keçirilib

02.05.2025 13:02 90 baxış
IMG

Mayın 2-də ADA Universitetində 13-cü Karyera Sərgisi keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, ADA Universiteti Fondu və ABB-nin tərəfdaşlığı ilə baş tutan tədbirə ölkənin müxtəlif sahələrini təmsil edən çoxsaylı şirkət və qurumlar qatılıblar.

Builki sərgi əvvəlki illərlə müqayisədə həm miqyas, həm də iştirak baxımından fərqlənib. Belə ki, sərgidə 152 şirkət və insan resursları üzrə 350-dən çox nümayəndə iştirak edib. Bankçılıq, texnologiya, energetika, turizm, hüquq və digər sahələri əhatə edən qurumların nümayəndələri sərgiyə gələnlərə iş və təcrübə imkanları barədə məlumat veriblər, onlarla birbaşa təmaslar qurublar və yerindəcə ilkin müsahibələr keçiriblər.

ADA Universitetinin prorektorları Günay Ziyadova və Elkin Nurməmmədov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev və “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) İnsan resursları departamentinin direktoru Məlahət Abdullayeva çıxışlarında bildiriblər ki, karyera sərgisi gənclərə əmək bazarında təmsil olunan qurum və şirkətləri daha yaxından tanımaq, özlərinə uyğun iş imkanını asanlıqla tapmaq fürsəti verir.

“Baker Tilly”, “EY”, “KPMG Azerbaijan”, “PwC Azerbaijan”, “PAŞA Holding”, eləcə də “Azərkosmos”, SOCAR, AZAL, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi kimi bir çox dövlət və özəl qurumlar təmsil ediliblər.

Bu gün ADA Universitetində Karyera Hazırlığı Həftəsinin də bağlanış mərasimi keçirilib.

Tədbirdə ADA Universitetinin tərəfdaş şirkətləri tərəfindən xüsusi seçim proseslərindən uğurla keçmiş 100-dən artıq tələbənin adı açıqlanıb və onlara yay təcrübəsi imkanları təqdim olunub.

Həmin tələbələr Karyera Hazırlığı Həftəsi ərzində maliyyə, bankçılıq, informasiya və telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20 yerli və xarici müəssisənin, şirkət və qurumun yüksəkixtisaslı peşəkarları tərəfindən keçirilən təlim və seminarlarda iştirak ediblər. Onlar CV yazılışı, müsahibəyə hazırlıq, şəxsi brendin qurulması və şirkət təqdimatları kimi mövzular barədə həm nəzəri, həm də praktiki bacarıqlar qazanıblar.

Universitetin Karyera xidmətləri şöbəsinin dəstəyilə təşkil edilən Karyera Hazırlığı Həftəsində və onun yekunu olan karyera sərgisində ümumilikdə iki mindən çox ADA tələbəsi və məzunu iştirak edərək peşəkar əlaqələrini genişləndirmək, karyera planlarını formalaşdırmaq və əmək bazarının real tələbləri ilə tanış olmaq imkanı əldə ediblər.

 

Xəbər lenti