Logo

AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

02.05.2025 15:58 36 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, iclası akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə akademik Abel Məhərrəmova “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı təqdim olunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Azərbaycan-Rusiya elmi əlaqələri tarixi ənənələrə malikdir və bu əməkdaşlıq Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası arasında imzalanmış müqavilələrlə dəstəklənir. Akademik İsa Həbibbəyli qeyd edib ki, son illərdə akademiyalarımız arasında əməkdaşlıq daha da genişlənib, birgə elmi layihələr həyata keçirilib, Rusiya Elmlər Akademiyası ilə yol xəritəsi imzalanıb.

Daha sonra iclasda Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin çıxış edib. O, AMEA ilə Rusiya Elmlər Akademiyası arasında mövcud əməkdaşlıq əlaqələrinə toxunub, müstəqillik illərində birlikdə bir çox layihələrin həyata keçirildiyini, tədqiqatların aparıldığını söyləyib. O, akademik Abel Məhərrəmovun kimya sahəsindəki nailiyyətlərinin elm xadimləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev çıxış edərək kimya sahəsində Azərbaycan-Rusiya elmi əlaqələrini faydalı hesab etdiyini diqqətə çatdırıb.

Daha sonra iclasda elmi-təşkilati məsələlər müzakirə olunub.

Müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 4 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər planının təsdiq edilməsi haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, tədbirlər planında Seyid Əzim Şirvaninin doğulduğu Şamaxı şəhərində yubiley tədbirinin keçirilməsi, “Seyid Əzim Şirvani poeziyasının dili”, “Seyid Əzim Şirvani – Füzuli poetik məktəbinin ən görkəmli nümayəndələrindən biri kimi”, “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik ədəbi interpretasiya”, “Seyid Əzim Şirvaninin Azərbaycan maarifçiliyində rolu”, “Seyid Əzim Şirvaninin yaradıcılığında ictimai və mənəvi-etik mövzuların vəhdəti”, “Seyid Əzim Şirvaninin bədii irsi”, “Seyid Əzim Şirvaninin həyat və yaradıcılığında Nizami irsi”, “Seyid Əzim Şirvani yaradıcılığı və klassik şərq poeziyası ənənələri” mövzusunda dəyirmi masa, elmi seminar, konfrans və digər tədbirlərin keçirilməsi, eləcə də müstəqillik dövrünün çağırışları işığında ədibin həyat və fəaliyyətini əks etdirən monoqrafiyanın hazırlanması nəzərdə tutulur.

Qeyd olunanları nəzərə alaraq, Seyid Əzim Şirvaninin 190 illiyi ilə əlaqədar AMEA-nın Tədbirlər planı təsdiqlənib.

Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qırğızıstan Respublikasına səfərinin nəticələri haqqında məlumat verib.

İclasda Türkiyənin Afyon Kocatepe Universitetinin professoru Məmməd Şirzadın rəsm əsərlərini təmənnasız olaraq AMEA-ya hədiyyə etməsi haqqında məsələyə də baxılıb. Akademik İsa Həbibbəyli professor Məmməd Şirzadın AMEA-ya bağışladığı əsərlər sırasında irihəcmli “Bizim torpaq” pannosu, “Üzümçü qızlar” tablosu, bir sıra portret rəsmləri və Gürcüstan mövzusunda çəkdiyi rəsm əsərlərinin olduğunu bildirib. Qeyd edib ki, professor Məmməd Şirzad bu günlərdə akademiyanı da ziyarət edib, ona Azərbaycan təsviri incəsənətinin təbliği və inkişafında xidmətlərinə görə, AMEA-nın “Təşəkkürnamə”si təqdim olunub.

İclasda rəsm əsərlərinin müvafiq inventar siyahısına daxil edilərək qeydiyyata alınması haqqında qərar qəbul olunub.

Müzakirə edilən növbəti məsələ AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda ingilis dilində “Azərbaycan arxeologiyası və antropologiyası” jurnalının təsis edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ölkə ərazisində apardığı arxeoloji və antropoloji tədqiqatların nəticələrinin elmi ictimaiyyətə geniş şəkildə çatdırılması, elmi yeniliklərin populyarlaşdırılması, arxeologiya elminin müxtəlif nəzəri problemlərinin aktuallaşdırılması məqsədilə ingilis dilində, müasir çağırışlara cavab verən “Azerbaijan Archaeology and Anthropology” (Azərbaycan arxeologiyası və antropologiyası) jurnalının təsis edilməsi zərurəti yaranıb. Jurnalda işğaldan azad olunmuş tarixi torpaqlarımızda müxtəlif arxeoloji tədqiqatlar, dünya arxeologiya elmində baş verən yeniliklər, eləcə də, arxeologiya ilə yanaşı, numizmatika, antropologiya və epiqrafika elmlərinə dair məqalələrin və araşdırmaların yer alması da nəzərdə tutulur.

Qeyd olunanları nəzərə alaraq, sözügedən jurnalın təsis olunması haqda qərar verilib və redaksiya heyətinin tərkibi təsdiqlənib. Həmçinin Azərbaycanın maddi-mədəni irsinin təbliği, ölkəmizin müxtəlif ərazilərində aparılan qazıntı işlərinin nəticələri, aşkar edilmiş maddi mədəniyyət abidələri, onların tarixi, aparılan arxeoloji qazıntılar haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda “Arxeoloji irs” jurnalı təsis edilib və redaksiya heyətinin tərkibi təsdiq olunub.

İclasda, həmçinin akademik Mustafa Topçubaşovun 130, akademik İradə Hüseynovanın 60, akademik Muxtar İmanovun 70, akademik Ziyad Səmədzadənin 85, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin 70 və AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 85 illik yubileyi haqqında qərarlar qəbul edilib.

Qeyd olunan məsələlər ətrafında akademiklər – Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Arif Həşimov, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Xəbər lenti