Logo

AzMİU ilə Türkiyənin aparıcı universitetləri arasında elmi əməkdaşlıq genişlənir

12.05.2025 15:53 63 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri – Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ), Boğaziçi Universiteti və Gebze Texniki Universiteti arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə onlayn görüş keçirilib.

AzMİU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə tərəflər arasında mövcud əlaqələrin inkişafı, yeni əməkdaşlıq imkanlarının araşdırılması və gələcək ortaq təşəbbüslərin planlaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb. AzMİU-nu bu görüşdə elm və innovasiya üzrə prorektor professor Nigar Aslanova, beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva, Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin rəhbəri və rektorun müşaviri professor Azər Qasımzadə, habelə müxtəlif kafedra və şöbələrin rəhbərləri təmsil ediblər.

Türkiyə universitetlərinin nümayəndələri sırasında isə ODTÜ-dən professor Haluk Sucuoğlu və Ozan Cem Çelik, Boğaziçi Universitetindən professor Mustafa Erdik, Serdar Söyar, Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun müdiri Nurcan Meral və əməkdaşı Nurdan Apaydın, İstanbul Texniki Universitetindən Alpen İlki, Yıldız Texniki Universitetindən Barış Sevim, həmçinin Gebze Texniki Universitetindən Bülent Akbaş, Ahmet Anıl Dindar və Selçuk Toprak yer alıblar.

Görüşdə AzMİU-nun ODTÜ və İTÜ ilə mövcud uğurlu əməkdaşlığının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, Boğaziçi və Gebze Texniki universitetləri ilə isə gələcək əməkdaşlıq mexanizmlərinin qurulmasının vacibliyi qeyd edilib.

Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər:

- Birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi;

- Doktorantlara birgə elmi rəhbərlik və PhD proqramlarında qarşılıqlı münsiflik fəaliyyəti;

- Laboratoriya və tədqiqat infrastrukturunun qarşılıqlı istifadəsi;

- Beynəlxalq elmi jurnallarda birgə məqalələrin hazırlanması və dərc olunması;

- Birgə beynəlxalq konfransların təşkili və bu tədbirlərdə ortaq iştirak;

- Ortaq elmi nəşrlər və yayın layihələrinin həyata keçirilməsi;

- İnnovasiya və sənaye sahəsində əməkdaşlıq təşəbbüslərinin genişləndirilməsi.

Qeyd edilib ki, sənaye ilə sıx əlaqələri olan ODTÜ, Boğaziçi Universiteti, Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu, eləcə də Gebze Texniki Universiteti ilə əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə yaxın zamanda AzMİU nümayəndə heyətinin Türkiyəyə səfəri nəzərdə tutulur.

Xəbər lenti