Logo

AzMİU-da “Construction and Incubation” layihəsi çərçivəsində hakaton yarışması keçirilir

13.05.2025 16:15 26 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Construction and Incubation” layihəsi çərçivəsində hakaton yarışmasına start verilib.

TƏHSİL.BİZ xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında AzMİU-nun İnnovativ Biznes İnkubator bölməsinin rəhbəri Rasim Abdullayev bildirib.

O xatırladıb ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Construction and Incubation” layihəsinin növbəti mərhələsi start götürüb.

R.Abdullayevin sözlərinə görə, layihə mart ayında “Startup Journey” – tələbə startap səyahəti düşərgəsi ilə başlayıb, 20 təlim və 3 master-klasdan ibarət “Demo Day” adlanan bir layihə ilə yekunlaşıb: “Layihənin davamı olaraq bu gün hakaton yarışmasına start verilir. Hakaton 2 gün davam edəcək, Azərbaycan Memarlıq və İnşaat Universitetinin ixtisaslarına uyğun şəkildə təşkil olunacaq”.

Bölmə rəhbəri qeyd edib ki, bugünkü tədbir innovativ inşaat və memarlıq layihələrinin idarə olunması və onların startap layihələrinə çevrilməsi istiqamətində mövcud olan trend sahələri özündə əks etdirərək, tələbələrin müxtəlif innovativ problemlərin həlli üzrə yarışı olacaq: “Yarışın sonunda 3 komanda mükafatlandırılacaq. I yer 2000 manat, II yer 1500 manat, III yer 1000 manat qazanaraq inkubasiya proqramına qoşulmaq hüququ əldə edəcək və 2 aylıq layihə ilə iştirak etmək imkanları əldə edəcəklər”.

O əlavə edib ki, layihənin sonunda qlobal innovasiya reyestrində universitetlərin payına 15 əsas istiqamət müəyyən edilib: “Bu, layihədə 15 istiqamətin 13-nü özündə əks etdirir. İnanırıq ki, layihənin yekununda ölkəmizin innovasiya ekosisteminə və memarlıq-inşaat sektorunun inkişafına ciddi töhfə verəcəyik”.

Xəbər lenti