Dövlət İmtahan Mərkəzi mayın 15-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.
Bu barədə TƏHSİL.BİZ -ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.
İmtahan vermək üçün 1747 nəfər qeydiyyatdan keçib. Həmin namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 113 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı ayrılıb.