Logo

“Bilim Quba” mərkəzinin açılışı olub

14.05.2025 12:25 66 baxış
IMG

“Bilim Quba” mərkəzi fəaliyyətə başlayıb.

TƏHSİL.BİZ “Report”a istinadən xəbər verir ki, Quba “ASAN Həyat” kompleksində yerləşən mərkəz “Bilim Azərbaycan” layihəsi çərçivəsində yaradılıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev, Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) Direktorlar Şurasının sədri Elvan Kuzucu Hıdır, Azərbaycanlı və Türkiyədən rəsmi qonaqlar iştirak ediblər.

Qeyd olunub ki, mərkəzin qurulmasında məqsəd regionlarda yaşayan istedadlı uşaqların potensiallarını üzə çıxarmalarına və beynəlxalq elmi-texnoloji mühitə inteqrasiyalarına şərait yaratmaqdır.

Eyni zamanda, regionda yaşayan şagirdlər üçün əlçatan və keyfiyyətli texnoloji təhsil imkanlarını yaradılması da əsas hədəflər sırasındadır. Burada “Təbiət elmləri laboratoriyası”, “Riyaziyyat laboratoriyası”, “Astronomiya, kosmos və aviasiya laboratoriyası”, “Dizayn laboratoriyası” olmaqla 4 laboratoriya fəaliyyət göstərir. Hər birində 20 nəfərə, ümumilikdə isə 80 şagirdə eyni vaxtda xidmət imkanı var.

Mərkəzdə həmçinin gələcəyin tələblərinə uyğun layihə əsaslı və problem yönümlü təhsil yanaşmasını tətbiq edən “Deneyap texnologiya proqramı” həyata keçirilir. 2025-ci ilin aprel ayında Quba şəhərində təşkil olunan seçim imtahanında iştirak edən 1000 şagird sırasından müəyyən edilmiş 80 nəfər sözügedən proqramda təhsil almaq hüququ qazanıb. Bu çərçivədə şagirdlər 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlərdə iştirak edəcəklər.

Xatırladaq ki, “Bilim Azərbaycan” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında 2021-ci il sentyabrın 23-də imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir. Məqsəd 6-14 yaş arası uşaqlarda texnologiya, elm, sahibkarlıq və innovasiya sahələrinə marağı artırmaq, onları XXI əsrin tələblərinə cavab verəcək bilik və bacarıqlarla təchiz etməkdir.

Bildirilib ki, “Bilim Azərbaycan” modelinin ilk nümunəsi olan “Bilim Bakı” mərkəzi 2022-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Nobel mükafatı laureatı, professor Əziz Sancarın iştirakı ilə istifadəyə verilib. "Bilim Quba" mərkəzi bu uğurlu modelin davamı olaraq yaradılıb.

 

 

 

 


 

Xəbər lenti