Logo

Türk xalqlarının mifoloji düşüncəsi yeni tədqiqat işığında

14.05.2025 14:34 38 baxış
IMG

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi Elnarə Hüseynqızı-Əmirlinin “Türk xalqlarının səma cisimləri haqqında təsəvvürləri” adlı monoqrafiyası nəşr olunub.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, monoqrafiyada türkəsilli xalqların kosmoqonik təsəvvürlərini əks etdirən inanclar və onlarla bağlı olan mətnlərdən bəhs olunur. Müxtəlif qaynaqlardan toplanıb çap olunmuş bu mətnləri müqayisə etdikdə oxşarlıqları və fərqlilikləri müşahidə edib bir tərəfdən qədim türklərin vahid coğrafi məkanda yaşadığı dövrü, o biri tərəfdən onların ayrılaraq diferensiallaşdığı tarixi prosesi görmək mümkündür. Bu mətnləri bir yerə yığıb müqayisəli şəkildə dəyərləndirmək kainat haqqında arxaik təsəvvürlərin bərpasına yardım edir. Mifoloji dünyagörüşün elmi mənzərəsinin yaradılması bu mətnlərin diqqətlə öyrənilməsindən keçir.

Monoqrafiyada türk xalqlarının səma cisimləri, onların yaranışı və özünəməxsus xüsusiyyətləri haqqındakı təsəvvürləri və onların folklor mətnlərindəki təzahür şəkilləri öyrənilib, eyni zamanda, təbiət hadisələri və onların meydana gəlişi ilə bağlı inanclar, Yer və Göy haqqındakı düşüncələrinə də yer verilib. Türk xalqlarına məxsus kainat haqqındakı təsəvvürlər və onlarla bağlı örnəklərin məzmun və süjet xüsusiyyətləri yaxın coğrafiyada yaşayan xalqların bu yöndəki təsəvvürləri ilə müqayisə edilib. Müqayisə zamanı dünyanın müxtəlif xalqlarına məxsus şifahi nümunələrdə qarşıya çıxan fərqliliklər və oxşarlıqlar xüsusi maraq doğurur.

Kitabın giriş bölməsində Yer və Göy, Göyün Yerdən uzaqlaşması, Ay və Günəş, Böyük Ayı, Üç maral bürcləri, Ülkər, Dan, Çoban, Karvanqıran, Qızıl dirək ulduzları haqqında, eyni zamanda, Samanyolu, ildırım və şimşək, yağış və qar, göy qurşağı, külək haqqındakı təsəvvürlər öyrənilir. “Müəllifdən” adlandırılmış giriş hissəsində tədqiq olunan mövzuya ümumi baxış və mövzunun öyrənilmə səviyyəsindən bəhs olunur.

Məlumdur ki, kainat, eləcə də onun ayrı-ayrı hissələri, onlar arasındakı əlaqələr, cazibə qüvvəsinin, tarazlığın öyrənilməsi, təbiət hadisələrinin müşahidəsi tarix boyu bu və ya digər dərəcədə müxtəlif elm sahələrinin tədqiqat obyekti olub. Fəaliyyəti bəşəriyyətin öyrənilməsinə xidmət edən elm adamları ilə yanaşı, bəşəriyyətin yaranışından etibarən sadə insanlar da öz müşahidələri əsasında bu əsrarəngiz aləmi öz təfəkkürlərinə uyğun şəkildə öyrənməyə maraq göstərib, səma cisimlərinin görünüşünü, mövqeyini, səmada hərəkətini, qarşılıqlı təsirini etnoqrafik xüsusiyyətlər baxımından təsvir və izah etməyə çalışıblar. Elmi yanaşmalar dünya elminin inkişafına, sadə insanların düşüncələri isə milli dəyərlərinin öyrənilməsinə yardım edib. Bu baxımdan türk xalqlarının səma cisimləri haqqında düşüncələri özlüyündə həm müvafiq coğrafiyanın xüsusiyyətlərini, həm də etnik ənənəsinin daşıyıcısı olan maddi və mənəvi mədəniyyətinin bütün komponentlərini ehtiva edir. Bu istiqamətdə hazırlanan monoqrafiyada türk xalqlarının səma cisimləri haqqında təsəvvürlərinin və onlara uyğun şifahi nümunələrin tədqiqi, onların qonşu ərazilərdə yaşayan digər xalqların fikirləri ilə müqayisəsi və qiymətləndirilməsi yeni elmi fikirlərin ortaya çıxması baxımından qiymətlidir. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, monoqrafiyanın həm tədqiqat, həm də şifahi nümunələr hissəsi zəngin etnoqrafik, uyğun olaraq folklorik məlumatla zəngindir.

Səma cisimləri haqqında türk xalqlarına məxsus bir çox örnəklər digər türk ləhcələrindən Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq tədqiqata əlavə edilib. Dilimizə uyğunlaşdırma zamanı etnoqrafik xüsusiyyətlərin təsviri və onların ifadə şəkillərinin təbiiliyinə xüsusilə diqqət edilib. Eyni zamanda, şifahi nümunələrdə və tədqiqat hissəsində qarşıya çıxan xüsusi adlara və izah tələb edən digər məsələlərə aydınlaşdırıcı şərhlər verilib.

Kitabdan bu istiqamətdə araşdırma aparan tədqiqatçılar istifadə edə bilərlər.

“Savad” nəşriyyatında işıq üzü görən monoqrafiyanın elmi redaktoru professor Əfzələddin Əsgər, rəyçiləri isə professor Almaz Hüseynova və Qumru Şəhriyardır.

 

Xəbər lenti