Logo

“Son Zəng”də biznes sədaları: Məzunların sevinci kimlərin gəlirinə çevrilir?

19.05.2025 11:44 96 baxış
IMG

Bir vaxtlar məktəb həyatı ilə vidalaşan gənclərin xatirə dolu günü olan “Son zəng” artıq illərdir ki, sevinclə yox, xərc və təhlükələrlə xatırlanır. Maraqlıdır, bu gün necə və nə vaxt sadə bir ənənədən kommersiya layihəsinə çevrildi?

Azərbaycanda “Son zəng” tədbirləri uzun illər şagirdlərin və müəllimlərin birlikdə keçirdiyi mənalı bir gün kimi qəbul olunurdu. Lakin son onillikdə bu gün getdikcə daha çox maddi xərclərlə və təhlükəli nəticələrlə gündəmə gəlir. Məktəb formaları yerini xüsusi sifarişli libaslara, sadə tədbirlər isə təmtəraqlı restoran gecələrinə verib. Və bu dəyişikliklər məzunların deyil, daha çox xidmət göstərən şirkətlərin və təşkilatçıların maraqlarına xidmət edir.

 

Xatırladaq ki, “Son zəng” tədbiri ilk dəfə Azərbaycanda 1920-ci illərdə keçirilib və uzun müddət mayın 25-də qeyd olunub. 2000-ci illərdən sonra bu tarix dəyişikliyə uğrayaraq əvvəlcə mayın 31-nə, sonra isə iyunun 14-nə keçirildi. 2009-cu ildə baş verən Neft Akademiyasındakı faciəli hadisədən sonra tədbirlərin yalnız məktəb daxilində və ciddi nəzarət altında keçirilməsi qərara alındı.

Ancaq bu məhdudiyyətlər belə “Son zəng”in qeyri-rəsmi hissələrinin artmasına mane olmadı. Məktəb tədbirindən sonra gənclər üçün gecə məclisləri, gəzintilər, fotosessiyalar təşkil olunmağa başladı. Bu isə valideynlərə minlərlə manatlıq əlavə xərclər yüklədi.

 

Məzunlar üçün bər-bəzəkli geyimlərin icarəsi, fotosessiyalar, limuzin sifarişləri, restoran gecələri və hədiyyə paketləri – bütün bunlar “Son zəng” gününü şadlıq evləri və tədbir təşkilatçıları üçün gəlirli bir bazara çevirib. Təkcə Bakı şəhərində bir sinifin məzun gecəsi xərcləri ortalama 3000–6000 AZN arasında dəyişir. Bu məbləğ rayon yerlərində də ailələrin illik gəlirinə bərabər ola bilir.

 

Təəssüf ki, təkcə maddi deyil, həm də fiziki təhlükələr artmaqdadır. 2017-ci ildə Ucarda məzunların keçirdiyi qəzada bir neçə nəfər xəsarət aldı. 2018-ci ildə Tovuzda tədbir zamanı müəllim ürəktutmasından dünyasını dəyişdi. 2022-ci ildə isə Masallıda məzun gəzintisi zamanı bir şagird həyatını itirdi. Bu hallar göstərir ki, məsuliyyətsiz təşkil olunmuş tədbirlər həyat üçün real təhlükəyə çevrilə bilər.

 

 

 

Bəhman Hüseyn

Xəbər lenti