Mayın 19-da Macarıstanın Elte Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub.
TƏHSİL.BİZ xəbər verir ki, mərkəzin açılışında Elte Universitetinin rektoru Laszlo Borhy, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Macarıstandakı Azərbaycan evinin rəhbəri İbrahim Səfərli çıxış ediblər.
Bildirilir ki, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı iki ölkə arasında elmi, mədəni, siyasi, təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə öz müsbət töhfəsini verəcək.
Elte Universitetinin rektoru Laszlo Borhy ADU ilə əlaqələrin inkişafında yeni açılan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin xüsusi rola malik olacağını vurğulayıb. Bildirib ki, ADU-da fəaliyyət göstərən Macar Dili və Mədəniyyəti Mərkəzi ilə qarşılıqlı əlaqələrin qurulması fonunda yeni layihələr, müəllim-tələbə mübadiləsi proqramları həyata keçiriləcək.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova ADU-nun rektoru, akademik Kamal Abdullanın salamlarını çatdırıb, mərkəzin açılışı ilə bağlı ünvanlanan təbrik nitqini oxuyub. O qeyd edib ki, Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini daha da genişləndirir və bu istiqamətdə xaricdə açılan mərkəzlərin xüsusi yeri var: "Bu mərkəzin açılışı əlamətdar hadisədir. Burada Azərbaycan mədəniyyətinin və dilinin öyrənilməsi, ciddi elmi-tədqiqat işlərinin aparılması ilə bağlı böyük perspektiv var”.
Jalə Qəribova mərkəzin açılışında göstərdiyi böyük dəstəyə görə Elte Universitetinin Türk dilləri departamentinin müdiri professor Benedek Periyə təşəkkürünü bildirib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, Milli Məclisin Azərbaycan-Macarıstan dostluq qrupunun üzvü Tamam Cəfərova iki ölkə arasında qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişafının perspektivlərindən söz açıb.
Görüşdə Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd olunaraq ölkələrimizin siyasi, iqtisadi, təhsil və digər sahələrdə fəal əməkdaşlıq etdikləri diqqətə çatdırılıb: “Parlamentlərarası münasibətlər iki ölkə arasındakı inkişafa böyük töhfə verib. Yeni mərkəzin açılması iki ölkə arasında olan sıx tərəfdaşlıq və dostluq münasibətlərinə öz müsbət təsirini göstərəcək”.
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin əhəmiyyətindən danışarkən qeyd edib ki, Azərbaycan Dillər Universiteti ilə Elte Universiteti arasında tərəfdaşlıq münasibətlərinin inkişafı iki ölkə arasında mövcud olan elmi, mədəni əlaqələrin inkişafına təkan verəcək. Tahir Tağızadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TÜRKPA-nın spikerləri ilə görüşündəki çıxışından sitat gətirib: “Cənab Prezident bildirdi ki, Macarıstan Azərbaycanın Avropa İttifaqındakı bir nömrəli strateji tərəfdaşıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirib ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Məhz bu mənada mərkəzin açılması siyasi amil kimi xüsusi dayaq nöqtəsidir”.
ADU-nun yüksək elmi potensialından danışan səfir deyib ki, ADU-da multikultural ab-hava kifayət qədər münbitdir. Bu da təhsil müəssisəsində bir sıra xarici ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti üçün əlverişli imkanlar yaradır.
ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə xarici ölkə universitetlərində yaradılan Azərbaycan Dili və Mədəniyyəti mərkəzlərinin fəaliyyəti ölkələr arasında olan münasibətlərin inkişafına öz töhfəsini verməkdədir.
Tədbirdə ölkələr arasında qarşılıqlı elmi əməkdaşlıqla bağlı irəli sürülən dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti ideyasının orijinallığı xüsusi olaraq vurğulanıb.
Azərbaycanda təhsil almış ilk macar tələbə, professor Maria Kenessey Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasının son dərəcə sevindirici bir hadisə olduğunu söyləyib.
Mərkəzin açılması münasibətilə təbriklərini çatdıran professor Maria Kenessey gənclərə təhsil həyatında uğurlar arzu edib.