Logo

DİM: 11-ci sinif buraxılış imtahanları üzrə narazılıq ümumi iştirakçıların 9.53 faizini təşkil edir

21.05.2025 17:15 41 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) martın 2 və 9-da keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə bağlı Apellyasiya Komissiyasına daxil olan müraciətlərin statistikasını açıqlayıb.

DİM-dən TƏHSİL.BİZ- bildirilib ki, 2025-ci ildə keçirilən imtahanlarda imtahanlarda ümumilikdə 115 min 273 nəfər şagird iştirak edib. Onlardan 10 min 980 nəfəri qiymətləndirmə ilə bağlı narazılıq edərək apellyasiya müraciəti təqdim edib. Bu isə ümumi iştirakçıların 9.53 faizini təşkil edir.

Əvvəlki illərlə müqayisədə apellyasiya müraciətlərinin faiz göstəricisində azalma müşahidə olunur. 2023-cü ildə 97 min 761 iştirakçıdan 9073 nəfəri (9.28 faiz), 2024-cü ildə isə 100 min 864 iştirakçıdan 10 min 492 nəfəri (10.40 faiz) apellyasiya üçün müraciət etmişdi.

Müraciətlər ümumilikdə 31 min 982 yazı işini əhatə edib. DİM bildirir ki, bu müraciətlərin 302-si şagirdin boş cavab vərəqi təqdim etməsi, 652-si isə artıq maksimal bal almış işlər üzrə olub.

Apellyasiya prosesində ümumi yazı işlərinin yalnız 0.08 faizində düzəliş aparılıb. Əsas səbəblər arasında bir tapşırığa aid cavabın başqa sahəyə yazılması (514 hal), şagirdin xəttinin oxunmaması (45 hal), cavabın çərçivədən kənarda yazılması (21 hal) və qiymətləndirmə zamanı yol verilən digər texniki səhvlər yer alır.

Qeyd olunan müsbət həll olunmuş hallarla bağlı dəyişikliklər iyunun 3-dən 4-dək şagirdlərin şəxsi səhifələrində əks olunacaq.

Şagirdlər apellyasiya qərarlarını və ekspert rəylərini apelyasiya.dim.gov.az portalı vasitəsilə əldə edə bilərlər.

DİM, həmçinin xəbərdarlıq edir ki, təlimata uyğun olmayan formada cavabların qeyd olunması hallarında, məsələn, qapalı suallarda iki dairənin eyni anda qaralanması və ya dairə üzərinə “X” işarəsinin qoyulması kimi vəziyyətlərdə müraciətlər təmin olunmayacaq.

Əlavə məlumat üçün Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə müraciət etmək mümkündür.

Xəbər lenti