Logo

AzMİU tələbələri sosial yönümlü xeyriyyə tədbiri gerçəkləşdirib

21.05.2025 16:48 42 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsi tərəfindən sosial yönümlü xeyriyyə tədbiri gerçəkləşdirilib. Aksiya fakültənin təşkilatçılığı ilə yaxın günlərdə keçirilən “Dizayn həftəsi”nin yekunu olaraq baş tutub. 

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, fakültənin dekanı dosent Fərid Kərimovun rəhbərliyi ilə 4 müəllim və 16 könüllü tələbədən ibarət nümayəndə heyəti bu məqsədlə iki mərkəzə baş çəkib. Mərkəzlərdə keçirilən görüşlər uşaqlar üçün həm öyrədici, həm də əyləncəli məzmun daşıyıb.

İlk dayanacaq Bilgəhdə yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbi olub. Məktəbin direktoru Gülnarə Abdullayevanın rəhbərlik etdiyi müəssisədə təhsil alan 20-25 nəfərlik inklüziv uşaq qrupu ilə interaktiv məşğələlər aparılıb. Fakültənin müəllimləri uşaqlarla birgə rəsmlər çəkib, rənglərin dili ilə onların hiss və düşüncələrini ifadə etmələrinə dəstək olublar. Uşaqlara albom, boya, fırça, molbert kimi rəsm ləvazimatları hədiyyə edilib. Tədbirin sonunda animatorun iştirakı ilə məktəbin həyətində şənlik təşkil olunub.

Fakültə heyətinin növbəti dayanacağı isə 3 saylı Uşaq evi sosial xidmət müəssisəsi olub. Müəssisənin direktoru Günay Musayevanın rəhbəri olduğu mərkəzdə 30-a yaxın uşaq müxtəlif rəssamlıq fəaliyyətlərinə cəlb olunub. Burada da müəllimlər uşaqlarla fərdi qaydada çalışaraq onların bədii bacarıqlarını üzə çıxarmağa çalışıblar. Kiçik rəssamlara təqdim olunan ləvazimatlar – albomlar, molbertlər, fırçalar və boyalar – onlara öz dünyalarını sərbəst ifadə etmək imkanı yaradıb.

Hər iki mərkəzdə uşaqların yaradıcı potensialı ilə yanaşı, onların diqqətə və qayğıya olan ehtiyacları da ön plana çıxıb. Aksiyada iştirak edən tələbə könüllülər uşaqlarla dost münasibəti quraraq, onlara unudulmaz bir gün yaşadıblar. Fakültənin bu təşəbbüsü yalnız maddi deyil, eyni zamanda mənəvi baxımdan dəyərli bir addım kimi dəyərləndirilib.

Qeyd edək ki, xeyriyyə aksiyasının bütün mərhələləri “Dizayn həftəsi” çərçivəsində təşkil olunan hərracdan əldə edilən vəsait hesabına həyata keçirilib.

 

 

 

 


 

Xəbər lenti