Logo

GDU-da şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib

21.05.2025 17:17 38 baxış
IMG

Gəncə Dövlət Universitetinin (GDU) tədris korpusunda Əməkdar mədəniyyət işçisi, Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə ilə müəllim və tələbələrin görüşü keçirilib. Tədbirdə əvvəlcə şairin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

TƏHSİL.BİZ-in bölgə müxbiri xəbər verir ki, universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva şair Qəşəm Nəcəfzadənin ədəbiyyata verdiyi töhfələrdən danışıb, onun əsərlərinin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb. Prorektor qeyd edib ki, tanınmış şair Qəşəm Nəcəfzadə Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Şair elə tələbəlik, gənclik illərində də gözəl şeirlər yazıb.

Deputat, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə Qəşəm Nəcəfzadənin yaradıcılığından danışarkən, onun oxucuya özünü müəllif kimi hiss etdirməyi bacarmasından, Azərbaycan poeziyasında özünəməxsus yerə malik olmasından, eləcə də əsərlərindəki səmimiyyətin insan qəlbinə yol tapmasından bəhs edib.

Şairin qələm dostları da çıxış edərək onun Azərbaycan ədəbiyyatının poetik nəfəsi ilə seçilən ən parlaq nümayəndələrindən biri, son dərəcə təbii və özünəməxsus təbiətli, cəmiyyətə, ümumbəşəri dəyərlərə nüfuz edən istedadlı şair olduğunu diqqətə çatdırıblar.

Qəşəm Nəcəfzadə oxucularına təşəkkür edib.

Sonda tələbələr Qəşəm Nəcəfzadənin şeirlərini səsləndirib, şairə suallar ünvanlayıblar.

Qəşəm Nəcəfzadə tələbələrə yeni çapdan çıxan “Unutmaq haqqında sevgi dərsləri” və “Bir gözəl qadın ölür” adlı kitablarını hədiyyə edib.


 

Xəbər lenti