Logo

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” respublika elmi-praktik konfransı keçirilib

26.05.2025 14:33 106 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitəsi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti və Biofizika İnstitutunun təşkilatçılığı ilə “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransı keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələri, AMEA, həmçinin elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər.

Konfransın məqsədi rəqəmsal transformasiya şəraitində Azərbaycanda generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı və mübadiləsi, süni intellekt texnologiyaları əsasında müxtəlif təyinatlı tibbi informasiya sistemlərinin yaradılması və tətbiqi kimi bir çox elmtutumlu məsələnin həlli zərurətinə diqqətin artırılması, Sənaye 4.0 çağırışları kontekstində ölkənin səhiyyə infrastrukturunun konseptual və arxitektur-texnoloji əsaslarının formalaşdırılması istiqamətində mövcud perspektivlərin müzakirəsi üçün intellektual dialoq platformasının təşkilindən ibarətdir.

Açılış mərasimində AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev rəqəmsal tibb problemlərinə həsr olunmuş konfransın mövcud problemlərin müzakirəsi, eləcə də yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov dövlətin prioritetlərindən birinə çevrilmiş cəmiyyətinin rəqəmsallaşması məsələsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün rəqəmsal səhiyyənin vacib rol oynadığını diqqətə çatdırıb.

Daha sonra konfrans işini “Rəqəmsal tibbin formalaşmasının elmi-nəzəri problemləri” və “Tibbdə rəqəmsal texnologiyaların tətbiqinin elmi-praktiki problemləri” adlı seksiya iclasları ilə davam etdirib.

 

 

 

 


 

Xəbər lenti