Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil ocağının struktur bölmə rəhbərlərinin, inzibati və akademik heyətinin iştirakı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinə ümumi baxış və ali təhsildə tətbiqi” mövzusunda maarifləndirici təlim keçirilib.
ATMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, təlim universitetin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi və dayanıqlı inkişaf üzrə koordinatoru İranə Axundovanın təqdimatında baş tutub. Tədbir zamanı iştirakçılara BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi haqqında ümumi məlumat verilib, bu məqsədlərin ali təhsil sahəsində tətbiq edilməsi imkanları və ATMU-nun strateji fəaliyyət planları ilə inteqrasiyası müzakirə olunub.
Qeyd edilib ki, ATMU-nun 2022–2026-cı illəri əhatə edən İnkişaf Strategiyasında dayanıqlı inkişaf dəyərlərinin təşviqi, ekoloji məsuliyyətin artırılması və sosial inklüzivliyin gücləndirilməsi əsas prioritetlərdəndir. Bu istiqamətdə 2025-ci il üzrə fəaliyyət planına uyğun olaraq, universitet icmasının -akademik və inzibati heyətlə yanaşı tələbələrin də - Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı bilik və bacarıqlarının artırılması üçün ardıcıl maarifləndirmə tədbirləri nəzərdə tutulur.
Təlim çərçivəsində iştirakçılarla ATMU-da Dayanıqlı İnkişaf Məqsədlərinin gündəlik fəaliyyətə inteqrasiyası və bu sahədə beynəlxalq təcrübəyə uyğun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Gələcəkdə də bu mövzuda əlavə təlim və praktiki yönümlü tədbirlərin təşkili planlaşdırılır.