Logo

AzTU-nun istedadlı tələbələri üçün təqaüd təsis ediləcək

26.05.2025 16:11 113 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) Elm və Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında kadr hazırlığına dair Əməkdaşlıq Memorandumu imzalanıb. Yeni sənəd tərəflər arasında mövcud əməkdaşlığı daha yüksək keyfiyyət mərhələsinə çatdırmağı hədəfləyir.

TƏHSİL.BİZ -in məlumatına görə, memorandumun əsas istiqamətlərindən biri müdafiə sənayesi sahəsində ixtisaslı kadrların hazırlanmasıdır.

İmzalanma mərasimindən sonra jurnalistlərə açıqlama verən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu günə qədər Müdafiə Sənayesi Nazirliyi ilə AzTU arasında əməkdaşlıq mövcud olub, lakin yeni sənədlə bu fəaliyyət daha da genişləndirilib:

“Bu fəaliyyətlər SABAH layihəsi çərçivəsində həyata keçiriləcək. Müdafiə Sənayesi Nazirliyi həmçinin təhsil prosesinə dəstək göstərəcək, o cümlədən xüsusi istedadlı tələbələr üçün təqaüd proqramı təsis ediləcək”.

Nazir müavini əlavə edib ki, tələbələrin istehsalat təcrübəsi müdafiə sənayesi müəssisələrində təşkil olunacaq. Eyni zamanda, memorandum çərçivəsində nazirliyin əməkdaşlarının ixtisasartırma kurslarının AzTU-da keçirilməsi də nəzərdə tutulub.

“Digər bir istiqamət tədqiqat fəaliyyətidir. Müdafiə sənayesi müəssisələri bu prosesə dəstək göstərəcək. Eyni zamanda, AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin maddi-texniki bazasının gücləndirilməsi planlaşdırılır”, – deyə İdris İsayev vurğulayıb.


 

Xəbər lenti