Logo

BMU tələbələrinin layihəsi beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıb

29.05.2025 14:21 88 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) tələbələrindən ibarət “Son Ordu” komandasının “Smart Jaket” layihəsi FICS (Future Innovation and Creativity Seminar) beynəlxalq startap müsabiqəsinin Azərbaycan mərhələsində 63 komanda arasından seçilərək finala yüksəlib.

Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan məlumat verilib. Azərbaycan Texniki Universitetində ikinci dəfə baş tutan müsabiqə Pakistanın NUST (National University of Sciences and Technology) universiteti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir və regionun ən böyük innovasiya platformalarından biri hesab olunur. Müsabiqəyə bu il Azərbaycandan və Orta Asiya ölkələrindən olan universitetləri təmsil edən komandalar qatılıb.

BMU tələbələrindən Əbdürrəhman Heydərli (elektrik və elektronika mühəndisliyi ixtisası, IV kurs), Əlövsət Sadıqlı və Məhəmməd Səmədli (sənaye mühəndisliyi, III kurs), eləcə də magistrant Aişə Malikin (biznes idarəçiliyi və maliyyə) birgə hazırladığı “Smart Jaket” layihəsi, əsasən gözdən əlil şəxslərin açıq havada təhlükəsiz və müstəqil şəkildə hərəkət etməsini təmin etmək üçün nəzərdə tutulub. Gödəkçəyə süni intellektə əsaslanan insanı tanıma sistemi, müxtəlif məsafə və ətraf mühit sensorları inteqrasiya olunub. Layihə həm texnoloji yeniliyi, həm də sosial faydalılığı ilə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və BMU komandası finalda çıxış etmək hüququ qazanıb.

Müsabiqənin final mərhələsi Pakistanın İslamabad şəhərində keçiriləcək.

Xəbər lenti