Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya imtahanlarına hazırlaşan namizədlərə müraciət edib.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə MÜTDA-nın direktor müavini Vəfa Yaqubu Təhsil TV-də yayımlanan “360 dərəcə təhsil” verilişində çıxışı zamanı danışıb.
“Mən maraq xatirinə MİQ və sertifikasiya imtahanına ödənişli əsaslarla hazırlıq keçən müəllimlərin sosial platformalarda yerləşdirdikləri kontentlərə baxıram. Sertifikasiya və MİQ-ə hazırlaşan müəllimlərə müraciət etmək istərdim: diqqətli olsunlar!”, – deyə Vəfa Yaqubu bildirib.
Onun sözlərinə görə, müəllimin nitqi bu prosesdə olduqca önəmlidir:
“Diqqət etsinlər ki, müəllim nəyi necə öyrədir. Müəllimin nitqinə qulaq assınlar. Orfoepiya qaydalarının ciddi şəkildə pozulması, parazit sözlərin istifadəsi, qeyri-dəqiq ifadələrlə müşayiət olunan izahlar – bütün bunlar narahatlıq doğurur. Bəzən “bu sualı versələr, belə cavab verin” formasında mexaniki tövsiyələr verilir. Bu zaman müəllimin kasad leksikası özünü büruzə verir”.
Vəfa Yaqubu qeyd edib ki, bu cür hallar yalnız test mərhələsində deyil, həm də daha vacib olan müsahibə mərhələsində nəticəyə mənfi təsir göstərə bilər:
“Çünki müsahibə mərhələsində müəllimin nitqinin səlisliyi, leksikasının zənginliyi, məntiqli danışıq qabiliyyəti qiymətləndiriləcək”.
Direktor müavini müəllimlərə tövsiyə edib ki, ödənişli və keyfiyyətsiz hazırlıqlara etibar etməkdənsə, Elm və Təhsil Nazirliyinin video.edu.az portalında yerləşdirilmiş 30 minə yaxın videoresursdan faydalansınlar. Onun sözlərinə görə, burada fənlər üzrə ölkənin ən yaxşı müəllimləri tərəfindən hazırlanmış qısa və səmərəli videoizahlar təqdim olunur.