Logo

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Bəxtiyar Vahabzadə - 100 paneli” keçirilib

30.05.2025 16:02 81 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Akademiya parkında IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Bəxtiyar Vahabzadə - 100 paneli” keçirilib.

Akademiyadan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə rəhbərinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamının alimlərimiz üçün tədqiqat aparılması baxımından geniş imkanlar yaratdığını bildirib. Vurğulayıb ki, Sərəncamın icrasından irəli gələn vəzifələr çərçivəsində AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub və görkəmli Xalq şairinin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə akademiyanın elmi müəssisə və təşkilatlarında geniş Tədbirlər planı icra edilir.

Bəxtiyar Vahabzadənin milli istiqlal düşüncəsi və azadlıq eşqi ilə yaşadığını deyən akademik İsa Həbibbəyli şairin hələ sovet hakimiyyəti illərində yazdığı “Gülüstan” poeması ilə bu ideyalarını tərənnüm etdiyini, ana dilimiz haqqındakı cəsarətli şeiri ilə milli özünüdərkin inkişafına çalışdığını söyləyib. Qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi həm də Türk dünyasının birliyinə çalışıb və bu gün onun uğrunda mübarizə apardığı ideallar reallığa çevrilib. Bu gün Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub, eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətində yaxından iştirak etməklə Türk dünyasının birliyinə misilsiz töhfələr verir.

“Bəxtiyar Vahabzadə - 100 paneli”ndə, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları - dosent Aygün Bağırlı, filologiya elmləri doktorları Vaqif Yusifli, Esmira Fuad və Əlizadə Əsgərli çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığına toxunub, onun xalqımızın milli təfəkkürünün və azadlıq ideyalarının inkişafındakı rolunu yüksək qiymətləndiriblər.

 

Xəbər lenti