Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında “Azıx mağarasının tədqiqində yeni mərhələ: bəşəriyyətin qədim tarixinin rekonstruksiyası üçün müasir geoarxeoloji üsullar” mövzusunda beynəlxalq elmi-praktik seminar keçirilib.
İnstitutdan TƏHSİL.BİZ-ə verilən məlumata görə, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bildirdi ki, azad edilmiş ərazilərdə birbaşa dövlət rəhbərliyinin dəstəyi ilə aparılan arxeoloji araşdırmalar sırasında Azıx mağarasında müasir elmin tələblərinə cavab verən tədqiqatlar xüsusi önəm daşımaqdadır. “Danimarkanın Orhus Universiteti ilə imzalanmış əməkdaşlıq barədə razılaşmanın müddəalarına uyğun olaraq 2023-cü ildən etibarən fəaliyyət göstərən beynəlxalq arxeoloji ekspedisiya Azıx mağarasında müxtəlif elmlərin fövqündə arxeometrik tədqiqatlara başlamışdır. Bu ekspedisiyanın əsas məqsədi qədim məskəndən qeyri-üzvü və üzvü nümunələrin götürülməsi və nümunələrin müxtəlif istiqamətli analizlərə cəlb edilməsidir. Bu analizlər nəticəsində Qarabağ ərazisində paleolit dövründəki ekoloji durum, iqlim, erkən insanlar, onların həyat tərzi, qidalanması və sair istiqamətlər üzrə məlumatlar əldə ediləcək. Bu tədqiqatlara paralel olaraq biz azad edilmiş ərazilərdə gələcəkdə müxtəlif çeşidli laboratoriyalar şəbəkəsinin yaradılmasını planlaşdırmışıq. İştirakçısı olduğumuz beynəlxalq elmi-praktik seminarda aparılmaqda olan tədqiqatların mahiyyəti və ilkin nəticələri barədə məlumat veriləcək”, - deyə F.Quliyev vurğulayıb.
Danimarka, Norveç və Almaniyadan olan alimlərdən ibarət beynəlxalq ekspedisiyanın Azərbaycan tərəfindən həmrəhbəri İnstitutun aparıcı elmi işçisi Azad Zeynalovun “Azərbaycanda paleolitin öyrənilmə tarixi barədə” mövzusunda təqdimatı maraqla dinlənilib. A.Zeynalov Azərbaycanda paleolit düşərgələrinin axtarış mərhələlərindən, faktiki olaraq respublikamızda paleolit arxeologiyasının əsasını qoymuş mərhum Məmmədəli Hüseynovun 60-cı illərdə Qarabağın Quruçay və Köndələnçay çayları sahillərində apardığı arxeoloji kəşfiyyat işlərindən, çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələrini kəşf etməsindən, həmrəhbəri olduğu beynəlxalq arxeoloji ekspedisiyanın gördüyü ilkin işlərdən danışıb.
“Azıx mağarası - homininlərin təkamülü və ətraf mühit dəyişikliklərinin salnaməsi” mövzusunda çıxış edən beynəlxalq elmi ekspedisiyanın Danimarka tərəfindən həmrəhbəri olan Orhus Universitetinin (Aarhus University) Geologiya Elmləri Departamentinin professoru Mads Faurschou Knudsen Azıx mağarasının elmi əhəmiyyəti barədə söz açıb. Professor radiokarbon (14C), Optik Stimullaşdırılan Lüministsen (OSL) və Kosmogenik radionukleid (CRN) tarixlənmə analizlərinin mahiyyəti barədə məlumat verib. O bildirib ki, homininlərin inkişaf etmiş növləri 4,2 milyon il əvvəl Afrikada yaranıb və dinamik dəyişikliklərlə Avrasiyaya yayılıb. Avrasiya xəttində Azıx mağarası zəncirin xüsusi halqasını təşkil edir.
Norveçin Oslo Universitetinin professoru, arxeoloq David Keith Wright “Biomarker yanaşması – bu metod bizə Azıx mağarasındakı insan məskunlaşmaları haqqında nə deyə bilər?” mövzusunda təqdimatla çıxış etdi. Onun və Orhus Universitetinin Geologiya elmləri departamentinin dosenti xanım Rachel Lupien ilə birgə hazırladığı təqdimatın əsas mahiyyəti Azıx mağarası və ümumiyyətlə, paleolit dövrü təbəqəsində biomarkerlərin (kimyəvi birləşmələrin) aşkar edilməsi və analizi barədə tədbir iştirakçılarını məlumatlandırmaq idi. Belə ki, biomarkerlər keçmiş qədim biocoğrafi və ətraf mühit şəraitini müəyyən etməyə və müəyyən dərəcədə insan fəaliyyətini anlamağa imkan yaradır.
Kopenhagen Universitetinin, Globe İnstitutunun Palaeoproteomiks analiz laboratoriyasının rəhbəri, dosent Frido Welkerin “Qədim zülal analizləri vasitəsilə insan təkamülünün öyrənilməsi” mövzusunda təqdimatı da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Dosent çıxışında zülallardan ibarət canlı orqanizmlərin qalıqlarının identifikasiya metodlarından söz açıb. Bildirib ki, aşkar edilmiş sümük fraqmentlərinin zülal analizi onun hansı canlıya məxsus olması, yaşı, cinsi, qidalanma rasionu və sair istiqamətlər üzrə məlumatlar verə bilər.
Daha sonra mühazirəçilər iştirakçıların suallarını cavablandırıblar.
Tədbirdə iştirak edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva qeyd edib ki, Azıx mağarasında tapılmış qədim homininin qadın olması da simvolik məna daşıyır. Beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan arxeoloji və arxeometrik tədqiqatlar daim dövlət rəhbərliyinin, aidiyyəti dövlət orqanlarının və Mədəniyyət Nazirliyinin diqqətindədir.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun professoru, tarix elmləri doktoru Hidayət Cəfərov Azərbaycan arxeologiyasının XX əsrdə keçdiyi yoldan, əldə etdiyi uğurlardan və arxeoloqlarımız qarşısında duran vəzifələrdən danışıb.
Sonda Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bildirib ki, Almaniyanın Leibniz Arxeologiya Mərkəzi (LEIZA) ilə bağlanmış əməkdaşlıq barədə razılaşmaya əsasən bu ilin avqust ayında Azıx mağarası ərazisində 2024-cü ildə tədqiqatlara başlamış həmin mərkəzlə birgə beynəlxalq arxeoloji ekspedisiya da fəaliyyətini davam etdirəcək.