“Azərbaycanda ixtisaslı kadrların hazırlanması üçün universitetlərlə biznes sektoru arasında sıx əməkdaşlıq qurulmalıdır”.
Bu fikri "Veysəloğlu" Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov "Gələcəyin Qarabağı üçün birgə addımlar" konsepti ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı səsləndirib.
A.Talıbov qeyd edib ki, ölkənin davamlı inkişafı üçün keyfiyyətli insan resursları əsas amildir: “Hesab edirəm ki, universitetlər bəzi tədris korpuslarını bizim müəssisələrə keçirməlidir. Müəyyən dərslər və təlimlər özəl müəssisələrdə rəhbər heyətlə birgə keçirilməlidir”.
Onun sözlərinə görə, hazırda universitetlər tədris prosesini əsasən öz yanaşmalarına uyğun formada həyata keçirirlər. Bu isə məzunların iş həyatına tam hazır olmamasına səbəb olur: “Müəssisələr yeni məzunları işə götürməyə həvəsli olmur. Çünki onları tam hazır kadr kimi formalaşdırmaq üçün bir neçə il vaxt və təcrübə tələb olunur. Bu problemi aradan qaldırmaq üçün universitetlərin son kurslarında müəssisələrlə birgə təcrübə proqramları təşkil edilməlidir”.
Aydın Talıbov əlavə edib ki, rəhbərlik etdiyi şirkətin əməkdaşları artıq bir sıra universitetlərdə dərs deməyə başlayıblar. Onun fikrincə, bu, universitetlərlə real əməkdaşlığın ilk müsbət addımıdır: “Bu, sadəcə dəb yox, real bir tələbdir. Universitetlərlə əməkdaşlıq artıq başlayıb və bu proses genişlənməlidir”.