Mayın 30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın Xalq şairi, filologiya üzrə fəlsəfə doktoru Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinin təqdimat mərasimi keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, təqdimat mərasimini giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq, Xalq şairi Sabir Rüstəmxanlının zəngin yaradıcılığını əks etdirən, uzun illərin bəhrəsi olan 15 cilddə nəşr edilən “Seçilmiş əsərləri”nin Azərbaycan ədəbiyyatına böyük töhfə olduğunu, eyni zamanda, gələcək nəsillərin, gənc alim və tədqiqatçıların istinad mənbəyinə çevriləcəyini söyləyib. Bildirib ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında vətəndaşlıq poeziyasının əsas simalarından biri olan Sabir Rüstəmxanlının yaradıcılığında ictimai-siyasi motivlər, ümummilli ideallar və yüksək vətəndaşlıq missiyası həmişə ön mövqedə olub.
O, 1989-cu ildə bərpa edilən və birinci sayı oktyabrın 6-da işıq üzü görən “Azərbaycan” qəzetinin ilk baş redaktorunun Sabir Rüstəmxanlı olduğunu diqqətə çatdırıb, müstəqil dövlətçilik tariximizdə öz yeri olan bu qəzetin milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verdiyini bildirib.
AMEA prezidenti vurğulayıb ki, Sabir Rüstəmxanlı ədəbi mühitdə milli mövqeyi ilə seçilən və maraq doğuran sənətkardır. Böyük azadlıq ehtiraslarından doğan Sabir Rüstəmxanlı bədii irsinin bütün janrlarında toxunduğu məsələlər vətəndaşlıq qayəsi nümunəsində aparıcılığı ilə fərqlənir.
Akademik İsa Həbibbəyli Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinə Azərbaycanın tanınmış qələm adamlarının, müxtəlif nəsillərdən olan görkəmli alimlərin “Ön söz” yazdıqlarını bildirib. O, ədibin “Seçilmiş əsərləri”nin 15 cildliyinin Xalq şairi Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatındakı böyük yerini, bütün janrların inkişafındakı xidmətlərini əks etdirdiyini vurğulayıb.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığından, poeziyasının xüsusiyyətlərindən, ziyalı mövqeyindən və şəxsiyyət kimi daşıdığı məziyyətlərdən danışıb.
O, Sabir Rüstəmxanlının əsərlərinin Azərbaycan dilinin və bədii fikrinin zənginləşməsi baxımından seçildiyini, eyni zamanda, milli dəyərlərimizi və tariximizin taleyüklü anlarını özündə əks etdirdiyini vurğulayıb. Xalq yazıçısı Anar şairin “Seçilmiş əsərləri”nin 15 cildliyini ədəbiyyat tariximiz üçün dəyərli məxrəz kimi qiymətləndirib.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Milli Məclisin deputatı, professor Fəzail İbrahimli və digərləri çıxış edərək Azərbaycan ədəbiyyatının istiqlalçılıq və vətəndaşlıq salnaməsində Sabir Rüstəmxanlının mühüm yeri və böyük payı olduğunu bildiriblər. Qeyd olunub ki, nəfis tərtibatda işıq üzü görmüş bu 15 cildlik külliyyat şairin ən böyük sərvətidir və Azərbaycan ədəbiyyatının qiymətli səhifələrini təşkil edir.
Sonda çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.