Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Elmi-Tədqiqat Mərkəzinin (ETM) “ADPU-nun filiallarında tədqiqata əsaslanan yeni məzmunlu təhsilin təşkilində müasir təlim texnologiyalarının tətbiqi (Quba filialının nümunəsi əsasında)” layihəsi çərçivəsində növbəti təlim həyata keçirilib. Təlim “Təfəkkürə əsaslanan dərsin təşkili üzrə mentor (hər hansı ixtisas, peşə va ya sənətdə peşəkar insanın bu sahəyə marağı olan şəxslərlə təcrübələrini paylaşması) hazırlığı” mövzusuna həsr olunub (30 may).
Tədbiri giriş sözü ilə filialın direktoru, professor Yusif Alıyev açaraq mentorluq fəaliyyətinin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Bildirilib ki, Quba filialının müxtəlif fakültələrindən 12 müəllim mentor hazırlığına cəlb olunub. Təlimin əsas məqsədi seçilmiş müəllimlərin gələcək pedaqoji fəaliyyətlərində tətbiqi bacarıqlarını inkişaf etdirmək və onları peşəkar mentor kimi hazırlamaq olub.
Təlimdə ETM-in Tətbiqi Tədqiqatlar bölməsinin müdiri, dosent Gülşən Növruzovanın rəhbərliyi ilə mentorluq fəaliyyətinin metodologiyası, təlim nəticələrinin müəyyən olunmasında taksonomiyaların rolu, təfəkkür növlərini əks etdirən dərs məzmununun hazırlanması və bu istiqamətdə tədqiqata əsaslanan praktik tapşırıqların tətbiqi məsələləri ətraflı şəkildə müzakirə olunub. Təqdimatlar, interaktiv müzakirələr və təhlillərlə müşayiət olunan sessiyalar təlimin keyfiyyətini artırıb.
Təlim çərçivəsində ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi, mentor Günel Məmmədova fəallaşdırıcı təlim fəaliyyətlərinə dair nümunələr təqdim edib. Tədbirdə, həmçinin ETM-in əməkdaşı, elmi işçi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Mehdizadə də iştirak edib.
Təlim yüksək səviyyədə təşkil olunaraq uğurla başa çatıb.
Təlimin gedişini əks etdirən fotolar da çəkilərək sənədləşdirilib.