Logo

QAİ -də Türkiyə Respublikasının bir sıra universitetlərinin müəllimləri ilə görüş keçirilib

04.06.2025 12:56 173 baxış
IMG

3 iyun 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasında Türkiyə Respublikasının bir sıra universitetlərinin müəllimləri ilə görüş keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, 21 may 2025-ci il tarixində Ankarada keçirilmiş konfransdan bəhs edib və elmi dairələrlə əməkdaşlığın Qərbi Azərbaycan məsələsinin öyrənilməsi baxımından vacibliyini vurğulayıb. O, Prezident İlham Əliyevin İcmanın binasının açılışında səsləndirdiyi fikirlərə istinad edib, Qərbi Azərbaycan məsələsinin artıq strateji hədəfə çevrildiyini vurğulayıb.

Burdur Mehmet Akif Ersoy Universitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi Doç. Dr. Esma Özdaşlı Azərbaycanın haqq mübarizəsinə elmi dəstəklərinin göstərildiyini və Qarabağ Zəfərinin Türk dünyasının ortaq zəfəri olduğunu bildirib.

Hacettepe Universitetinin müəllimi, Hacettepe Universiteti Strateji Araşdırmalar Mərkəzinin müdir müavini Dr. Özlem Pınar Oran Zəngəzur dəhlizinin təhlükəsizliyinə dair layihə hazırladıqlarını və Qərbi Azərbaycan məsələsinin öyrənilməsinə dəstəyə hazır olduqlarını vurğulayıb.

“Erməni Araşdırmaları” jurnalının məsul redaktoru, Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki, tədqiqatçı Tuğçə Tecimer Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması üçün məlumatlandırma işlərinə dəstək verəcəklərini bildirib.

Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi Doç. Dr. Levent Ersin Orallı Qərbi azərbaycanlıların hüquqlarının beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini qeyd edib.

Strateji Düşüncə İnstitutunun (SDE) sədr müavini Alper Tan Qərbi Azərbaycanla bağlı tədqiqatların və ictimai təşəbbüslərin dəstəklənməsinin vacibliyindən danışaraq, bu istiqamətdə fəaliyyət göstərməyə hazır olduqlarını bildirib.

Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) sədri Prof. Dr. Mehmet Seyfettin Erol, Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfinin Orta Şərq və Orta Asiya İnstitutunun direktoru Prof. Dr. Hilmi Demir, Qazi Universitetinin müəllimi, Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfinin sədri Dr. Sinan Demirtürk, Ankara Bilim Universitetinin müəllimi Dr. Damla Taşkın Qərbi Azərbaycan həqiqətlərinin Türkiyədə davamlı şəkildə gündəmdə saxlanmasının vacibliyini bildiriblər.

Necmeddin Erbakan Universitetinin müəllimi, siyasi şərhçi Dr. Gökhan Çınkara da həmkarlarının fikirlərini dəstəkləyərək, Qərbi Azərbaycanla bağlı bütün təşəbbüslərə dəstək göstərməyə hazır olduğunu bildirib.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Türkiyə-Azərbaycan münasibətlərinin qardaşlığa dayandığını qeyd edib. O, 21 mayda Ankarada keçirilən konfransda Qərbi Azərbaycan həqiqətlərinin geniş müzakirə olunduğunu diqqətə çatdırıb.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə çıxışında 1987–1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın hüquqlarının birgə səylərlə beynəlxalq aləmə çatdırılmasının önəmindən bəhs edib.

Görüşdə Qərbi Azərbaycan məsələsinin elmi müstəvidə araşdırılması, beynəlxalq ictimaiyyətə çatdırılması və bu istiqamətdə Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi kimi məqamlar müzakirə olunub.

Xəbər lenti