İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Təl-Əviv Universiteti arasında innovasiya və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinə dair strateji razılaşma əldə edilib.
Agentlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, bu razılaşma kibertəhlükəsizlik və süni intellekt üzrə əməkdaşlığın gücləndirilməsi, həmçinin tədqiqat, təhsil və innovasiya istiqamətində qarşılıqlı potensialın inkişaf etdirilməsi məqsədi daşıyır.
Razılaşma çərçivəsində əməkdaşlıq bir neçə əsas istiqaməti əhatə edir. Bunlara Təl-Əviv Universitetinin “Blavatnik Interdisciplinary Cyber Research Center” mərkəzi ilə tərəfdaşlıq, kibertəhlükəsizlik və innovasiya ekosistemləri üzrə konsaltinq və tədqiqat xidmətlərinin təşkili daxildir. Eyni zamanda, ali təhsildə islahatlara yönəlmiş fəaliyyətlər - kibertəhlükəsizlik və süni intellekt sahəsində doktorantura proqramlarının müasirləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübənin yerli universitetlərin akademik sistemi ilə uyğunlaşdırılması nəzərdə tutulur.
Strateji razılaşmada kadr potensialının inkişafı da əsas prioritetlərdən biri kimi yer alır. Bu istiqamətdə birgə kurslar, təlimlər və seminarların təşkili, eləcə də təcrübə və texnologiya mübadiləsi proqramlarının həyata keçirilməsi planlaşdırılır. Gələcəkdə tərəflərin razılığı əsasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi və yeni fəaliyyət sahələrinin əlavə olunması imkanları araşdırılacaq.
İRİA sədrinin müşaviri Salar İmaməliyev razılaşmanın əhəmiyyəti barədə bildirib: “Bu strateji razılaşma Azərbaycan ilə İsrail arasında innovasiya və texnologiya sahəsində qurulan əməkdaşlığa, davamlı elmi və texnoloji tərəfdaşlığın inkişafına töhfə verəcək”.