44 günlük Vətən müharibəsində şəhid olmuş Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məzunlarının övladları üçün universitetin İdman Kompleksində xüsusi tədbir təşkil olunub.
AzMİU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirin əsas məqsədi şəhid ailələrinin övladlarına mənəvi dəstək göstərmək, onlara xoş və unudulmaz anlar yaşatmaq olub.
Tədbir çərçivəsində uşaqlar üçün konsert proqramı, əyləncəli oyunlar, interaktiv fəaliyyətlər və müxtəlif hədiyyələr təqdim olunub. Uşaqların sevinci tədbirə xüsusi bir rəng qatıb.
Tədbirdə AzMİU-nun rəhbər heyəti, müəllim və tələbə kollektivi, eləcə də şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov şəhid məzunların Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan danışaraq onların ailələrinin daim universitetin diqqət mərkəzində olduğunu qeyd edib. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev çıxışında bu cür tədbirlərin davamlı olacağını söyləyərək şəhid övladlarının cəmiyyətə sağlam, dəyərli fərdlər kimi qazandırılmasının vacibliyini vurğulayıb.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili şəhid ailələrinə dərin ehtiramını bildirərək bu övladlara dəstəyin həm mənəvi, həm də sosial baxımdan önəmli olduğunu deyib.