Logo

“Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” - elmi seminar

05.06.2025 08:34 63 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq gündəliyə salınaraq prioritetə çevrildiyini bildirib. Qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdışı reallaşana qədər bu məsələ ölkəmizin gündəliyindən çıxmayacaq. Bu istiqamətdə BDU-nun Tarix fakültəsi və Qərbi Azərbaycan İcmasının “Qərbi Azərbaycan: Yurd yerimizə sahib çıxaq” adlı birgə layihəsi mövcuddur. Layihə çərçivəsində Qərbi Azərbaycan tarixinin aktual problemlərinə həsr olunan elmi seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd Qərbi Azərbaycanda kütləvi şəkildə dəyişdirilən bütün hidronim, mahal, kənd, şəhər və digər toponimlərin, erməni vandalizminə məruz qalmış və dağıdılmış dini, tarixi, milli abidələrin xəritələşdirilərək öz əvvəlki adı ilə ölkə və dünya ictimaiyyətinə çatdırılması, təbliğ olunmasıdır.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix elmləri doktoru dosent Güntəkin Nəcəfli dövlətimizin bugünkü sərhədlərindən kənarda qalan böyük etnosiyasi coğrafiyamız - Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli dəyərlərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməsi məsələlərindən danışıb. O, Qərbi Azərbaycandakı tarixi yaddaşımızın bərpası üçün ermənidilli mənbə və ədəbiyyatların tədqiqatlara cəlb edilməsinin tarixşünaslığın qarşısında ən önəmli vəzifəyə çevrildiyini deyib: “Müasir Ermənistanın ərazisinin, Qərbi və Şərqi Zəngəzurun, Qarabağın dağlıq hissəsinin mənsubiyyəti məsələsinə qeyri-obyektiv yanaşma, bu torpaqların “əsrlər boyu ermənilərə məxsus olması”, “ermənilərin bu torpaqlarda çoxluq təşkil etməsi” kimi saxta iddialar erməni tarixşünaslığının əsaslarına çevrilib. Onların yalanlarının geniş və sistemli şəkildə yayılmasında XVIII əsrin əvvəllərindən başlayaraq erməni mxitarist ordeninin xüsusi “xidməti” olub. Cəmiyyətin üzvləri “yenidən bərpa” adı ilə müxtəlif xalqların mifologiyasına əsaslanan “erməni əfsanələri”ni “tarixi mənbə” kimi təqdim edərək Venesiyada nəşr etdiriblər. Nəticədə isə “Hayların tarixi” adlanan kitablar bütün dünyaya “Ermənistan tarixi” kimi təqdim olunub. Bu, saxta tarixin zorla qəbul etdirilməsidir”.

Məruzə zamanı saxtalaşdırılmış erməni mənbələrindən nümunələr, arxiv sənədləri və digər faktoloji materiallar nümayiş etdirilib. Seminarda ölkəmizin hüdudlarından kənarda Qərbi Azərbaycan mövzusunda keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqına qarşı zaman-zaman ermənilər tərəfindən törədilmiş soyqırımı və deportasiyalar bu cür tədbirlərdə konkret faktlarla, elmi əsaslarla geniş auditoriyaya çatdırılır.

Xəbər lenti