Logo

“Təhsilimizdə boşluqları doldurmaq əvəzinə, yeni boşluqlar yaratmaqda davam edirik...” - Nadir İsrafilov

05.06.2025 12:22 86 baxış
IMG

Bəyənmədiyimiz Sovet dönəmi bir yana qalsın, axı, hələ müstəqilliyimizin ilk illərində də dövlət komissiyası tərəfindən hazırlanmış və ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” qəbul edilmiş və bu rəsmi dövlət sənədi işıq üzü gorəndə çoxlarında təhsilimizin gələcəyi ilə bağlı xoş təsəlli hissi yaranmışdı. Bu da əsassız deyildi, çünki proqrama islahatın əsas məqsədlərindən biri kimi “bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” barədə müddəa daxil edilmişdi. Poqramda təsbit olunmuş “təhsil sahəsində hazırlanan normativ və hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi“ və “təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” barədə tələblər isə, ən pessimist dairələrin belə düşüncəsində təhsilimizin gələcəyinə yönəlik ümid qığılcımı yaradırdı. Çünki bu, bir vətəndaş olaraq onlara da təhsildə gedən proseslərin bərabərhüquqlu subyektinə çevrilmək imkanı verirdi.
 
Ən başlıcası isə “məktəbəqədər, orta , ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ ”“hüquqi bazanı yaratmaq, Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, cəmiyyətin siyasi, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirmək” islahat Proqramının əsas məqsədi kimi müəyyənləşdirilmişdi. Buna görə də Proqramda təhsil sistemində idarəetmənin demokratikləşmə prosesinə uyğun qurulması, onun yeni məzmun və formalarda tətbiq olunması, təhsil müəsisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqilliyə aparan yeni idarəetmə mexanizminin yaradılması kimi tələblər də irəli sürülürdü.
Proqramdakı “təhsil sisteminin hüquqi tənzimlənməsi”, “əsas hədəfin təhsil verənə və alana yönəldilməsi”, “idarəetmənin dövlət-ictimai xarakterinin güclləndirilməsi”, “təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyalarin yuxarıdan aşağıya paylanması”, “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” kimi prinsiplər isə təhsilimizin heç də uzaq olmayan perspektivlərindən xəbər verirdi.
Bu gün həmın Proqram arxivə göndərilsə də istər ”“istəməz coxsaylı suallara cavab axtarmalı oluruq, hələ sonraki sənədin - “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiysı”nın tələbləri qalsın bir yana...
 
İndi gəlin baxaq görək:
 
- Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensial qorunub saxlanıldımı?
- Təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqı baza yaradıldımı?
- Bütün proseslərin bu bazaya istinadən tənzimlənməsi prioritet istiqamət kimi ön plana çəkildimi?
- Təhsil sisteminin idarə olunmasinda inzibati-amirlik prinsipləri aradan qaldırıldımı?
- İdarəetmənin dövlət-ictimai xarakteri gücləndirildimi?
- İdarəetmə funksiyaları yeni məzmun və yeni formada tətbiq olundumu?
- Təhsil sisteminin idarə olunmasında səlahiyyətlər bölüşdürüldümü?
- Funksiyaların yuxaridan aşağıya paylanması prosesi reallaşdımı?
- Ağırlıq mərkəzi aparatdan yerlərə keçirildimi?
- Əsas hədəf təhsil verənə və alana yönəldimi?
- Pedaqoji prosesin bütün iştirakçıları bərabərhüquqlu subyektlərə çevrildimi?
- Layihələrin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunması barədə müddəa həyata     keçirildimi?
- Normativ-hüquqi aktların icrasına ictimai nəzarət sistemini yaratmaq tələbi təmin edildimi?
- Təhsilin inhisarsızlaşdırılması baş verdimi?
 
Əksinə, təhsil daha da mərkəzləşdirilərək bir az da inhisara alındı.

İndi də, uzun illərdən bəri yığılıb qalan problemləri həll etmək əvəzinə, “Cəmiyyət adətən təhsildən narazıdır və təhsillə bağlı böyük gözləntilər formalaşır”; "Bizim təhsildə oxuyub-anlama bacarıqları ilə bağlı müəyyən mənada problemlər var. Çünki biz heç vaxt buna fokuslanmamışıq. Biz oxuyub-anlamanı yox, misal olaraq, ibtidai siniflərdə şagirdin bir dəqiqə ərzində üzündən neçə söz oxuduğunu ölçmüşük. Amma oxuyub-anlama daha vacib amildir”; ”Azərbaycan təhsilinin qarşısında olan əsas məqsədlərdən biri də Azərbaycan kimliyini, tarixini qorumaqdır. Biz əmin olmalıyıq ki, yeni nəsil öz kimliyini yaxşı biləcək, zamanın tələblərinə uyğunlaşmış adət-ənənələrinə sadiq qalacaq"; “20 il əvvəl təhsil sahəsində yol verilən səhvlərin nəticəsini görürük”; “Təhsildə olan dəyişikliklərin uzunmüddətli olmasının səbəbi vaxtilə edilən və ya edilməyən işlərin nəticəsini 10-15 il sonra görməyimizdir”; “Biz ilkin nəticələri 10-15 ilə, real nəticələri, iqtisadiyyata verilən nəticələri isə 25 və ya daha çox ilə görürük. Düşünürəm ki, bunlar uzunmüddətli vaxta görülən işlərdir. Biz Elm və Təhsil Nazirliyi olaraq inanırıq ki, məktəbə hazırlıq üçün olan nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək” kimi pafoslu və populist açıqlamalarla özümüzü sığortlayır, özümüzdən əvvəlkilərdə günah axtarırıq.

“Bakalavr səviyyəsi üzrə təhsil almaq istəyənlər üçün plan yerlərinin sayını artırmaqla onların hamısı iş tapa biləcəkmi?”; “120 min istedadlı adamı tapıb müəllim peşəsinə cəlb etmək asan deyil. Yaxşı kadr tapmalıyıq ki, növbəti gələcək nəsli yaxşı yetişdirə bilsin”; “Məktəblərin publik hüquqi şəxsə çevrilməsi vacibdir”. Ancaq, daha vacib olanı hərəkətə keçməkdir. İlk olaraq geriyə - etməli olub, etmədiklərimizə, sonra isə irəliyə - növbəti planlaşdırılacaq edəcəklərimizə. Yəni, hələ bir mövcud proqramı yerinə yetirək, yeni proqramlar barədə sonra düşünək...

Nadir İsrafilov,

təhsil eksperti

Xəbər lenti