Laçın şəhərində keçirilən “Laçın – MDB ölkələrinin mədəniyyət paytaxtı 2025” çərçivəsində Uşaq İncəsənət Festivalının (UİF) xüsusi zonası qurulub.
TƏHSİL.BİZ xəbər verir ki, festival zonasında UİF iştirakçıları öz yaradıcılıqlarını nümayiş etdirmək imkanı qazanıblar. Balaca ifaçılar öz çıxışları ilə hər kəsə emosional anlar yaşadıb, Laçının ruhuna uyğun mahnılar və musiqi nömrələri ilə tədbirə rəng qatıblar.
Ərazidə qurulmuş oyun zonasında zəka oyunları, interaktiv əyləncə küncləri və yaradıcı fəaliyyət sahələri uşaqların böyük marağına səbəb olub. Festival atmosferini gücləndirən çadırlarla qurulmuş düşərgə prototipi və təqdim olunan promoməhsullar zonaya gələn hər kəs üçün unudulmaz anlar yaşadıb.
Bundan əlavə, yaradıcı gənclər UİF zonasına qatılaraq çəkdikləri rəsmlərlə öz istedadlarını sərgiləyiblər.
Laçında gerçəkləşən bu təşəbbüs uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və onların mədəni fəaliyyətlərə cəlb olunması baxımından olduqca dəyərlidir.