Logo

BSU-nun rektoru Berlində Azərbaycan alimlərinin qlobal elmə verdiyi töhfələrdən danışıb

05.06.2025 11:43 64 baxış
IMG


Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Berlin şəhərində Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən “İnnovasiya və incəsənət mərkəzi: Türklərin dünya elm və mədəniyyətinə töhfələri” mövzusunda konfransda çıxış edib.

BSU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, “Türklərin dünya elminə töhfələri” adlı paneldə rektor Anar Nağıyev “Elmi üfüqlər: Azərbaycan alimləri və onların qlobal təsirləri” mövzusunda məruzə edib. O, təqdimatında orta əsr fəlsəfəsi və astronomiyasından başlayaraq müasir dünya elminə verilmiş nailiyyətlərə qədər zəngin tarixi trayektoriyanı əks etdirib.

Anar Nağıyev çıxışında ilk olaraq Aristotel fəlsəfəsini Şərqdə inkişaf etdirən, İbn Sinanın tələbəsi olan azərbaycanlı mütəfəkkir Əbülhəsən Bəhmənyar əl-Azərbaycanının orta əsr Şərq fəlsəfəsinə töhfəsindən, onun məntiq və metafizikada təməl mətni olan “Ət-Təhsil” traktatından danışıb. Rektor Şərq musiqi təfəkkürünü elmi cəhətdən sistemləşdirən Safiəddin əl-Urmavinin orta əsr elminə töhfəsindən bəhs edərək onun əbcəd sisteminin itirilən melodiyaları qoruyub saxlamağa imkan verdiyini bildirib.

İslam dünyasının böyük azərbaycanlı alimi Nəsirəddin Tusinin yaradıcılığından geniş bəhs edən rektor alimin astronomik və riyazi tədqiqatlarının sonrakı dövrlər üçün əhəmiyyətindən söz açıb. O, Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərinin İslam fəlsəfi ənənəsində ən təsirli etik traktatlardan biri olduğunu vurğulayıb, onun Hülaku xanın dəstəyi ilə yaradılan Marağa rəsədxanası vasitəsilə astronomik tədqiqatlara rəhbərlik etdiyini bildirib. A.Nağıyev Nikolay Kopernikin “heliosentrik sistemi” təlimində Nəsirəddin Tusinin “Tusi cütlüyü” adlanan planetlərin hərəkətinə dair həndəsi konstruksiyasından istifadə etdiyini xüsusi vurğulayıb, dünya elm tarixində ilk dəfə olaraq triqonometriyanı müstəqil bir sahə kimi əsaslandıran alimin riyaziyyat elminə töhfəsini qeyd edib.

Anar Nağıyev XX əsrdə Azərbaycan alimlərinin dünya elminə töhfələrindən bəhs edərək professor Yusif Məmmədəliyevin hərbi və kosmik sənaye üçün vacib olan yüksəkoktanlı yanacaqların işlənib-hazırlanmasını təmin edən tədqiqatlarından söz açaraq alimin Nobel mükafatına namizədliyinə yaradılmış süni əngəlləri diqqətə çatdırıb, sovet dövründə kosmik tədqiqatların təşkilində mühüm rol oynayan Kərim Kərimovun fəaliyyətinin mühüm nəticələrini qeyd edib.

Rektor çıxışının sonunda qeyri-səlis məntiqi təqdim edən, klassik Aristotel məntiqinin ikili prinsiplərinə meydan oxuyan azərbaycanlı alim Lütfi Zadənin tədqiqatlarından danışaraq onun araşdırmalarının süni intellekt, avtomatlaşdırma və idarəetmə sistemlərində tətbiqində əhəmiyyətini vurğulayıb.

Tədbir TÜRKSOY tərəfindən təşkil olunan bədii hissənin nümayişi ilə yekunlaşıb.

Qeyd edək ki, tədbir TÜRKSOY və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilib. TÜRKSOY-un Baş katibi Sultan Raev, səfir Nəsimi Ağayev, Almaniyada akkreditə olunmuş türk dövlətlərinin səfirləri, yerli və əcnəbi alimlər və tədqiqatçıların iştirak etdikləri konfransda türklərin dünya elm və mədəniyyətinə verdiyi töhfələr haqqında təqdimatlar edilib, müzakirələr aparılıb.

Xəbər lenti