Azərbaycan Dillər Universitetində (ADU) doktorantura səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mühüm görüş baş tutub.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin böyük elmi işçisi Könül Vaqif qızı Mikayılova və həmin şöbənin elmi işçisi Gülnarə Vilayət qızı Şahmuradovanın “Ali təhsilin doktorantura səviyyəsinin kurikulumunun hazırlanması” mövzusunda apardıqları elmi-tədqiqat çərçivəsində keçirilib.
Görüşdə Azərbaycan Dillər Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Həmidə Əhməd qızı Əliyeva, Elm şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevda Rafiq qızı İmanova, Doktorantura şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Nərgiz Qarayeva və universitetin doktorantları iştirak ediblər.
Görüş zamanı doktoranturaya qəbul və doktorluq imtahanlarının universitet tərəfindən həyata keçirilmə mexanizmi, doktorantların attestasiyası prosesi, professor-müəllim tərəfindən tədris materialları və digər resursların idarə edilməsi məsələləri müzakirə edilib. Həmçinin Azərbaycanda doktorant hazırlığında kredit sisteminə yanaşma, doktorantura səviyyəsinin qurulmasında əsas prinsiplər, nəzəri və praktik biliklər üzrə kurikulumun balanslaşdırılması məsələləri müzakirə olunub.
Eyni zamanda, doktorantlar tərəfindən əsas və seçmə fənlərin müəyyənləşdirilməsi, elmi rəhbərlərin seçimi üçün meyarlar, tədqiqat institutları və digər tərəfdaş qurumlarla əməkdaşlıq məsələlərinə dair bir sıra təkliflər irəli sürülüb.
Görüşdə tərəflər doktorantura təhsilinin keyfiyyətinin artırılması, kurikulumun müasir tələblərə uyğunlaşdırılması və ali təhsil səviyyəsində elmi fəaliyyətin daha da səmərəli təşkilinə dair qarşılıqlı fikir mübadiləsi aparıblar.