Bakı Dövlət Universitetində (BDU) ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Corc Vaşinqton Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə BDU-nun rektoru Elçin Babayev, rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı üzrə Məktəbinin dekanı Maykl Foyer və universitetin nümayəndəsi Sevinc Məmmədova iştirak ediblər.
Tərəflər görüş zamanı təhsil və elm sahəsində əməkdaşlıq perspektivlərini, birgə elmi tədqiqat layihələrinin icrasını, tələbə və müəllim mübadiləsini, eləcə də doktorantura proqramları çərçivəsində ortaq fəaliyyət imkanlarını müzakirə ediblər. Görüş zamanı universitetlər arasında ikili diplom proqramlarının təşkili məsələsi də diqqət mərkəzində olub.
Rektor Elçin Babayev Corc Vaşinqton Universiteti ilə əməkdaşlığın BDU-nun beynəlxalq əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, iki universitet arasında mövcud olan elmi potensialın birgə layihələrə töhfə verəcəyinə inandığını bildirib.