Logo

AzMİU Özbəkistanın üç universiteti ilə əməkdaşlıq edəcək

30.05.2025 08:52 60 baxış
IMG

28–29 may tarixlərində Özbəkistanın Əndican şəhərində “Azərbaycan-Özbəkistan: ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, forumda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMIU) rektoru professor Gülçöhrə Məmmədova da iştirak edib.

Forum Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında verilmiş tapşırıqların icrası, eləcə də elm və ali təhsil sahəsində əlaqələrin dərinləşdirilməsi məqsədilə təşkil olunub. Tədbir Elm və Təhsil Nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində baş tutub. Forumda hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Forumun açılışında çıxış edən Özbəkistanın Ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev və Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıblar. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxışında forumun universitetlərarası tərəfdaşlıqların genişlənməsinə və birgə layihələrin təşviqinə mühüm töhfə verəcəyini bildirib.

Sessiyalar zamanı ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və beynəlxalq reytinqlərdə irəliləyiş kimi mövzular müzakirə olunub.
Forum çərçivəsində Azərbaycan universitetləri (AzMİU, ADNSU, ADİU, ADU, ADPU, ADMİU, AzTU, ATU, BDU, BMU, BSU, LDU, MDU, NDU, QU, SDU, BANM) ilə Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb, yeni layihələrin əsasını qoyan razılaşmalar əldə olunub.

AzMİU ilə Özbəkistanın üç ali təhsil müəssisəsi – İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti (TDTU), Termiz Dövlət Mühəndislik və Aqrotexnologiyalar Universiteti, “Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutu” Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilələr qarşılıqlı elmi-tədqiqatlar, ortaq proqramlar və akademik mübadilələri əhatə edib.

 

 

 

 


 

Xəbər lenti