Logo

Dünyaşöhrətli alim Məsud Əfəndiyev AzMİU rektorunun müşaviri təyin edilib

29.05.2025 15:29 82 baxış
IMG

Azərbaycan elmi ictimaiyyətinin və beynəlxalq riyaziyyat elminin tanınmış simalarından biri, fizika-riyaziyyat elmləri doktoru professor Məsud Əfəndiyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorunun müşaviri vəzifəsinə təyin olunub.

AzMİU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, bu təyinat ölkənin aparıcı mühəndis və memarlıq ali təhsil müəssisəsində akademik mühitin gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetin qlobal elmi şəbəkələrə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Professor Məsud Əfəndiyev Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri olmaqla bərabər, zəngin elmi fəaliyyəti, beynəlxalq miqyasda qazandığı nüfuz və akademik liderliyi ilə seçilir. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) və Moskva Dövlət Universitetində təhsil alıb, Almaniyanın Münhen, Ştutqart və Berlin universitetlərində dərs deyib, Münhendə yerləşən nüfuzlu “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində uzun illər “Dinamik sistemlər” şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Hazırda dünyanın aparıcı universitetlərində, o cümlədən Stanford, Kaliforniya Texnologiya İnstitutunda, Vaseda, UofT, Vaterloo, Şanxay, Sidney, Münxen Texniki universitetlərində, Kanadanın Toronto şəhərində yerləşən Fields İnstitutunda “Distinguished Visiting Professor” statusunda fəaliyyət göstərir və tematik proqramlara rəhbərlik edir. Qeyd edək ki, ABŞ-ın və Kanadanın aparıcı universitetlərinə “Distinguished Visiting Professor” statusunda bir qayda olaraq Nobel mükafatı laureatları və öz sahələrində fundamental nəticələr qazanmış alimlər dəvət olunurlar.

Onun elmi irsinə 180-dən çox beynəlxalq məqalə, dünyanın mötəbər nəşriyyatlarında çap olunmuş 8 kitab və yüksək indeksli jurnallarda nəşr edilmiş tədqiqatlar daxildir.

Məsud Əfəndiyev dünyanın bir sıra qabaqcıl elmi qurumlarının mükafatlarına – o cümlədən “Aleksander fon Humboldt” (Almaniya), “Japan Society for the Promotion of Science” (Yaponiya), “Otto Monsted” (Danimarka) və Kanadadakı Fields İnstitutunun ömürlük mükafatı kimi nüfuzlu təltiflərə layiq görülüb. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Xəbər lenti