Cənubi Koreyanın “Incheon newspaper” qəzetində Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra edilən ikili diplom proqramı (BMU-İNHA İDP) haqqında məqalələr dərc olunub.
Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan məlumat verilib. Bildirilib ki, “İNHA Universiteti və Bakı Mühəndislik Universiteti əməkdaşlığı: qlobal kadrların hazırlanmasında yeni mərhələ” və “İNHA Universiteti – BMU əməkdaşlığı “K-təhsilin möhkəmlənməsi” üçün səmimi ünsiyyət və əməkdaşlıq… qlobal kadr hazırlığında” başlıqlı məqalələrdə iki universitet arasında əməkdaşlıq qlobal kadrların hazırlanmasında yeni mərhələ kimi qiymətləndirilib. Proqramın 2020-ci ildə imzalanan əməkdaşlıq sazişinə əsasən həyata keçirildiyi, “3+1 modelinə uyğun olaraq tələbələrin təhsillərinin üç ilini BMU-da, bir ilini isə İNHA Universitetində davam etdirərək, hər iki ali təhsil müəssisəsinin diplomunu aldıqları vurğulanıb.
Məqalədə qeyd olunub ki, universitetlər müvafiq ixtisaslar üzrə tədris proqramlarının hazırlanmasında və idarə edilməsində birgə uğurlu fəaliyyət göstərir.
Həmçinin məqalələrdə İDP çərçivəsində tədris prosesinin növbəti monitorinqinin aparılması və əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədi daşıyan İNHA Universitetinin 8 nəfərdən ibarət professor-müəllim heyətinin Bakıya ötən ay baş tutan səfərinə toxunulub. Görüşlər zamanı tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə imkanlarının genişləndirilməsi və proqramın ikinci mərhələsi üzrə yeniliklərin müzakirə olunduğu, tərəflər arasında davamlı ünsiyyət, müntəzəm monitorinq və birgə idarəetmənin proqramın keyfiyyətinin yüksəlməsinə şərait yaratdığı vurğulanıb. Cari ildən etibarən İDP-nin ikinci mərhələsinin həyata keçirildiyi, layihənin müddətinin uzadılaraq 2030-cu ilə qədər davam etdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ayrıca qeyd olunub, yeni mərhələdə tədris proqramına data analitikası/data elmləri və kompüter mühəndisliyi/süni intellekt (AI) mühəndisliyi ixtisaslarının əlavə edildiyi bildirilib.
Eyni zamanda, proqramın uğurlu nəticələri kimi indiyədək iki buraxılış üzrə ümumilikdə 143 tələbənin həm İNHA-nın, həm də BMU-nun diplomunu əldə etdiyi qeyd olunub.
Məqalələrin tam mətni ilə linklər vasitəsilə tanış olmaq mümkündür.