Logo

Görkəmli kimyaçı Mübariz Əhmədovun 80 illik yubileyi qeyd olunub

19.11.2025 17:05 24 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda görkəmli kimyaçı, AMEA-nın müxbir üzvü Mübariz Əhmədovun anadan olmasının 80 illiyinə həsr edilmiş iclas keçirilib.

İnstitutdan bildirilib ki, tədbirdə bu elmi müəssisənin baş direktoru akademik Dilqəm Tağıyev mərhum alimin Azərbaycanda kimya elminin inkişafında xidmətlərindən danışıb. O bildirib ki, professor Mübariz Əhmədov tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlarından metan və onun konversiya məhsulları ilə termiki və katalitik üsulla reduksiya etməklə, ətraf mühitin mühafizəsini təmin edən qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib-hazırlanıb. Kükürd anhidridini metan və onun konversiya məhsulları ilə reduksiya etmək üçün yüksək effektivliyə malik olan alüminium oksid əsasında hazırlanmış kobalt və nikel tərkibli katalizatorlar təklif olunub. Prosesin nəzəri tərəfləri (termodinamiki və kinetik qanunauyğunluqları) sistematik şəkildə öyrənilib və laboratoriya tədqiqatlarının nəticələri Gəncə əlvan metalların təcrübə zavodunda pilot qurğusunda, sonra Ryazan metallurgiya zavodunda təcrübə-sənaye qurğusunda müvəffəqiyyətlə sınaqdan keçirilib və Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilib (1977-1990-cı illər). Onun rəhbərliyi altında 21 kimya elmləri namizədi və elmlər doktoru müdafiə edib, əməkdaşlara elmi məsləhətlərlə kömək edib.

Sonra Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının müdiri Arif Heydərov professor Mübariz Əhmədovun həyat və fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib.

Bildirilib ki, onun elmi əsərlərinə bir çox Azərbaycan və xarici ölkə alimlərinin işlərində istinad edilib, rəhbərliyi altında 21 elmlər namizədi (fəlsəfə elmləri doktoru), 1 elmlər doktoru hazırlanıb. Mübariz Əhmədov bir çox ölkələrdə (Almaniya, Fransa, Türkiyə, İran, Çexiya, Bolqarıstan və MDB ölkələrində) keçirilən simpozium və konfranslarda Azərbaycanı elm xadimi olaraq təmsil edib.

M.Əhmədovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Kimya elminin inkişafı sahəsində xidmətlərini nəzərə alaraq o, SSRİ Nazirlər Kabinetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarları ilə “Fəxri fərman”larla təltif edilib.

Uzun illər səmərəli elmi fəaliyyətinə görə AMEA-nın müxbir üzvü professor Mübariz Əhmədov Prezident İlham Əliyevin 2005-ci il 14 dekabr tarixli Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. AMEA-nın müxbir üzvü Mübariz Əhmədov 2018-ci il noyabrın 25-də ömrünün 73-cü ilində vəfat edib. Onun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Tədbirdə institutun professorlarından İxtiyar Bəxtiyarlı, Asif Məmmədov, Elza Salahova, dosentlərdən Esmira Quluzadə və Sevil Cəfərova alim haqqında ürək sözlərini və xatirələrini bölüşüblər.

Xəbər lenti