Logo

Nobel Sülh mükafatçısı: Azərbaycanın coğrafi mövqeyi və çoxmədəniyyətli mühiti elmi əməkdaşlıq üçün ideal platformadır

19.11.2025 11:50 26 baxış
IMG

Komanda yanaşmasının üstünlüyünü həm şəxsi təcrübəmdə, həm də böyük layihələrin nəticələrində görmüşəm. Məsələn, nüvə materiallarının nəzarətə alınması və monitorinqi üçün hazırlanmış informasiya sistemləri onlarla ölkənin birgə əməkdaşlığı və mübadiləsi sayəsində yüksək etibarlılıq səviyyəsinə çatdı. Beynəlxalq standartlara əməl edilməsi, məlumatların məxfiliyinə və təhlükəsizlik protokollarına ciddi riayət olunması işin ayrılmaz hissəsi idi. Bu prinsiplər olmasa, belə həssas sahələrdə qlobal etimad və legitimlik mümkün olmazdı. Bu təcrübə mənə bir daha sübut etdi ki, elm yalnız laboratoriya ilə məhdudlaşmır – o, həm də diplomatiya, məsuliyyət və sülh mədəniyyətidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA / IAEA) çalışan həmvətənimiz, Nobel Sülh Mükafatçısı Bəxtiyar Siracov söyləyib. O bildirib ki, Azərbaycan alimləri qlobal elmi diplomatiyada çox strateji rol oynaya bilər.

“Azərbaycanın coğrafi mövqeyi, çoxmədəniyyətli mühiti və Şərqlə Qərb arasında körpü rolunu oynaması elmi əməkdaşlıq üçün ideal platformadır. Düşünürəm ki, gənc alimlərimiz qlobal layihələrdə daha fəal iştirak etməklə həm texnoloji inkişafı sürətləndirəcək, həm də ölkəmizin elmi nüfuzunu gücləndirəcəklər.

Azərbaycan enerji ölkəsi kimi artıq beynəlxalq səviyyədə etibarlı tərəfdaş imicinə sahibdir və bu nüfuz elmi sahədə də istifadə oluna bilər. Alimlərimiz nüvə təhlükəsizliyi, bərpaolunan enerji, süni intellekt, kibertəhlükəsizlik, böyük verilənlər kimi istiqamətlərdə beynəlxalq şəbəkələrə qoşularaq həm regionumuz, həm də dünya üçün praktik dəyər yarada bilərlər”, - deyə B.Siracov vurğulayıb.

Xəbər lenti