Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə ABB birgə “Data və süni intellekt sertifikasiya proqramı”na start verib.
UNEC-də keçirilən təqdimat mərasimində rektor professor Ədalət Muradov, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, proqramda iştirak hüququ qazanan tələbələr, universitetin və bankın əməkdaşları iştirak ediblər.
Rektor, professor Ədalət Muradov tədbirdə çxış edərək universitetin real sektorla iş birliyinin əhəmiyyətindən söz açıb. O, ABB-nin UNEC-lə birgə hazırladığı “Data və süni intellekt sertifikasiya proqramı”nın universitet – biznes əməkdaşlığının uğurlu bir nümunəsi olduğunu diqqətə çatdırıb. Rektor süni intellektin təhsilə inteqrasiyası ilə bağlı UNEC-də görülmüş işlərdən, eləcə də süni intellekt sahəsində elmi mərkəzə çevrilmək istiqamətindəki hədəflərdən də söz açıb.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın data və süni intellekt istiqamətində son 3 ildə genişmiqyaslı layihələr həyata keçirdiyi bildirib. O, süni intellektin qlobal inkişafın əsas hərəkətverici qüvvəsinə çevrildiyini vurğulayıb. UNEC-lə birgə həyata keçirilən layihənin məqsədinin əmək bazarı üçün bu sahədə peşəkar kadrların yetişdirilməsi olduğunu deyib: “ABB olaraq qürur duyuruq ki, süni intellekt həllərini ölkəmizə ilk gətirən və bu sahəni sürətlə inkişaf etdirən biznes qurumlarından biriyik. İnanıram ki, tələbələrin proqramdakı uğurları öz gələcəklərinə də, ölkəmizdə rəqəmsal transformasiya proseslərinə də ciddi töhfə verəcək”, – deyə Abbas İbrahimov bildirib.
Tədbirdə UNEC məzunlarının peşəkarlığı da xüsusi vurğulanıb. Hazırda ABB-də çalışan 1061 nəfər UNEC məzununun 134-nün rəhbər vəzifədə təmsil olunduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, “Data və süni intellekt sertifikasiya proqramı”nda iştirak etmək üçün UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsindən 22 tələbə seçilib. ABB-nin data və süni intellekt sahəsində çalışan peşəkar mütəxəssisləri tərəfindən onlara UNEC-in Kompüter Elmləri Laboratoriyasında 6 aylıq xüsusi dərslər tədris olunacaq. Tələbələrin təlimlərdə iştirakı onların istehsalat təcrübəsi kimi də qəbul ediləcək. Sertifikasiyanı uğurla tamamlayan tələbələrin ABB-də işə qəbul imkanları da nəzərdən keçiriləcək.
Tədbir Karyera mərkəzinin təşkilatçılığı ilə baş tutub.