Logo

Birinci Türkoloji qurultayın Yakutiyadan olan xadimləri

18.11.2025 22:08 28 baxış
IMG

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. AZƏRTAC İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürkün “Birinci Türkoloji qurultayın Yakutiyadan olan xadimləri” sərlövhəli məqaləsini təqdim edir.

Birinci Türkoloji Qurultaydan söhbət düşəndə gözümün önünə qırmızı rəng gəlir. Qırmızı Oktyabrın tökdüyü qan rəngi... Həmin rəngi bütün zilləti, zülmü, işgəncələri ilə birlikdə Yakutiyanın Yakutsk şəhərində fəaliyyət göstərən Yakut Dövlət Birləşmiş Şimal Xalqları Tarix və Mədəniyyət Muzeyində gördüm. Qırmızı rənglərlə boyanmış divardan yakut xalqının dili, kimliyi, tarixi üçün mübarizə aparan, repressiya qurbanları olan xalq qəhrəmanlarının kompozisiyası boylanırdı. O portretlərdən Platon Oyunski, İsidor Baraxov, Anempodist Safronov-Alampa, Aleksey İvanov Kunde, Aleksey Kulakovskiy-Eksekyulyaxı və türk tarixinin əbədiyyətdən bu günümüzə boylanan fədakarları bu günümüzə baxırlar, qanlı tarixi unutmağa qoymurlar. Bu muzey sanki al qırmızı qanın içərisindədir.

Həmin portretlərdən boylanan yakut türkləri - siyasi xadim İsidor Baraxov, klassik şair, dramaturq Anempodist Safronov-Alampa, şair və dilçi-alim Aleksey İvanov Kunde və nümayəndə heyətinin rəhbəri - filosof, alim və klassik yazıçı Aleksey Kulakovskiy-Eksekyulyaxı 1925-ci ilin sentyabr ayında könüllərində böyük bir sevinc hissi Azərbaycana gəlmək üçün yola çıxırlar.

Soyuq Saxadan günəşli Azərbaycana yol tutan yakut türkləri 1926-cı ilin fevralında Bakıda keçiriləcək Birinci Türkoloji Qurultayda iştirak edəcəkdilər. Taleyin dönüklüyündənmi, ya da ki, yol sevincinin çoxluğundanmı onlar gəlib Moskvaya yetişəndə nümayəndə heyətinin rəhbəri A.Kulakovski-Eksekulyax xəstələnir, xəstəxanaya yerləşdirilir. Az keçmir ki, vəfat edir. Arzuları və sevinci eləcə yollarda qalır. Qalan üç ictimai və dövlət xadimi düz 6 ay yol gəldikdən sonra, Bakıda keçirilən Birinci Türkoloji Qurultaya yetişirlər. Türkçülüyün, ədəbiyyatın yolu asan oldusa, yaxşı əsər alınmayacaq. Türk imperiyaları da asan qurulmayıb, bu yol çətin və şərəfli olub. Alın təri ilə yazılan bütün türk əsərləri gözəldir: istər tarix olsun, istər döyüş olsun, istər dövlət, istərsə də kitab.

Hələ 1921-ci ilin mart ayında Azərbaycan İnqilab Komitəsinin əmri ilə bütün Azərbaycan müəssisələrində türkdilli kargüzarlığın tətbiqi məqsədilə xalq maarif komissarı Dadaş Bünyadzadənin sədrliyi ilə Fövqəladə Komitə yaradılıb. Bir il sonra, aprel ayında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlunun təşəbbüsü və Nəriman Nərimanovun fəal iştirakı ilə Azərbaycan yazılı dilində islahat aparmaq üçün Yeni Azərbaycan Əlifbası Komitəsi təşkil edilib.

1925-ci ilin avqust ayında SSRİ Xalq Komissarları Şurası Ümumittifaq Türkoloji Qurultayının çağırılması barədə qərar qəbul edib. Qurultay məsələsi ilk dəfə bir il əvvəl Azərbaycan tərəfindən qaldırılmış və SSRİ hökumətinə təqdim edilmişdi. Azərbaycan əlifbasının latın qrafikasına keçirilməsinə icazə verilməsi zərurəti Xalq Komissarları Şurasının Türkoloji Qurultayın çağırılması qərarından altı ay əvvəl həm SSRİ Elmlər Akademiyası, həm də Ümumittifaq Şərqşünaslıq Assosiasiyası tərəfindən Birinci Azərbaycan Regional Tədqiqatlar Qurultayında qaldırılmışdı.

Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi zərurətdən doğan bir məsələ idi. Çünki həmin dövrdə bir sıra sahələrdə olduğu kimi türkologiya elmində də Azərbaycan öndə gedirdi, bu istiqamətdə tanınmış və nüfuzlu söz sahibləri, elm adamları çoxdan bəri səmərəli fəaliyyət göstərirdilər. Hətta tarixi vətənlərində, türk torpaqlarında təqib olunan türkçülər də Azərbaycana ümid qapısı kimi baxaraq, gəlib burada fəaliyyətlərini davam etdirirdilər.

Qurultayda SSRİ-nin türkdilli respublikalarından və digər bölgələrindən ümumilikdə 131 səsvermə hüququ olan nümayəndə iştirak edib. Bundan əlavə, SSRİ Elmlər Akademiyasının, Şərqşünaslıq Assosiasiyasının, Moskva Şərqşünaslıq İnstitutunun, Kazan Universitetinin, Bakı Dövlət Universitetinin, Daşkənd Universitetinin və Leninqrad Universitetinin nümayəndələri də daxil olmaqla, türkdilli respublikaların və SSRİ-nin digər bölgələrinin elmi və ictimai təşkilatlarından 600 nümayəndə iştirak edib.

Fevralın 26-da və martın 5-də keçirilmiş iclaslarda Saxa-Yakutiyadan gələn nümayəndələr öz fəallıqları ilə seçiliblər. Qurultayda Sovet Şərqinin türk xalqlarının əlifbası, terminologiyası və orfoqrafiyasının təməli qoyulub. Məsələnin məhz dil və əlifba ilə bağlılığı Yakutiyadan gələn alim və ictimai xadimlər İsidor Baraxov, Anempodist Safronov –Alampa və Aleksey İvanov Kundeni daha çox maraqlandırırdı. Yakutiyanın tanınmış ədəbiyyatçıları və dilçiləri Birinci Türkoloji Qurultaya Eduard Pekarskinin tərtib etdiyi “Yakut-rus dili lüğəti”ni gətirmişdilər. Çünki o böyük kişilər də 1926-cı ilə qədər ortaq əlifba yaratmaq istəmişdilər. Böyük Mustafa Kamal Atatürk də ərəb əlifbasından latın qrafikasına keçid edəndə, polyakəsilli E. Pekarskinin yakutlar üçün tərtib etdiyi “Yakut-Rus dili lüğətini” istəmişdi. Yakut dili bir çox türk dillərindən fərqli olaraq, öz arxaikliyini qoruyub saxlamışdı. 1920-1930-cu illərdə yaşayan maarifpərvər kişilər ancaq xalq üçün, ümumi dil üçün çalışırdılar. Onlar bilmirdilər ki, türklük və türkçülük ideyalarına görə təqib olunacaq, tarixdən silinmək təhlükələri yaranacaqdı.

...Saxa Yakutiya Respublikasında ardıcıl olaraq mədəni inqilab həyata keçirilirdi. 1917-ci ildə Saxa Aymax Cəmiyyətinin təşəbbüsü ilə yakut dilçi, Leninqrad Canlı Şərq Dilləri İnstitutunu bitirən ilk yakut linqvisti Semyon Novqorodov tərəfindən yakut dilinə uyğunlaşdırılmış beynəlxalq fonetik latın transkripsiyası da qəbul edilmişdi.

1924-cü ildə Yakut Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 16 fevral tarixli qərarı ilə Yakut Ədəbiyyat Şurası (sədr P.A. Oyunski) yaradılmışdı. Ədəbiyyat Şurası yaradıldığı andan etibarən Yakutiyada “Novqorod transkripsiyasının təkmilləşdirilməsi” ilə bağlı müzakirələr başlamışdı.

İsidor Baraxov Qurultaydan qayıtdıqdan sonra təəssüratlarını “Birinci Ümumittifaq Türkoloji Qurultayın nəticələri” (“Xozyaystvo Yakutii”, 1926, № 5, s. 37-50.) adlı məqaləsində belə qeyd etmişdi: “...Qurultayda ən azı 40 məruzə və birgə məruzə dinlənildi. Ən çox məruzə yenə də yuxarıda qeyd olunan üç məsələyə yönəlmişdi. Yeri gəlmişkən, biz yakutlar, latın əlifbasının tətbiqində geniş təcrübəyə malik olduğumuzdan qurultayda birgə məruzə ilə çıxış edə bilərdik, lakin müxtəlif səbəblərdən bunu edə bilmədik. Buna görə də, qurultayın hesabatlarında dərc olunacaq yakut əlifbası ilə bağlı xüsusi tezislər təqdim etməli oldum. Ümumilikdə, qeyd etmək lazımdır ki, qurultayda yakut nümayəndə heyəti ən az hazırlıqlı idi. Bunun səbəblərini, birincisi, qurultayda qaldırılan məsələlərin, bir çox digər böyük türk respublikalarında olduğu kimi, ilkin müzakirəyə çıxarılmamasında axtarmaq lazımdır, Qazaxıstan istisna olmaqla, qurultayda məlum olduğu kimi, bu məsələlər yalnız Xalq Maarif Komissarlığının Şurasına təqdim olunurdu. İkincisi, yakut nümayəndə heyətinin tərkibi elə seçilmişdi ki, tərkibində tək bir türkoloq və ya dilçi yox idi. Bu hal əksər hallarda çıxışların türk dillərində edildiyi və rus dilinə tərcümə edilmədiyi qurultayda fəal iştirakımıza da böyük mane oldu. Bu baxımdan, çuvaşlar və Şimali Qafqazın bəzi türk xalqları bizimlə eyni vəziyyətdə idilər. Bütün bunları növbəti Türkoloji Qurultayda nəzərə alınmaq üçün bildirirəm. Bütün məruzələrin mahiyyətini qısaca çatdırmaq və ümumiləşdirmək hazırda mənim üçün qeyri-mümkün bir işdir, çünki qurultayın bütün bu məsələlərlə bağlı heç bir qətnaməsi çap olunmayıb; üstəlik, belə bir işi təkbaşına görmək elmi məruzələr hazırlayan bir alim kimi mənim üçün böyük çətinlik yaradır...”.

Böyük ictimai və siyasi xadim, milli və təhsil məsələləri üzrə mütəxəssis İsidor Baraxov həmin məqaləsində daha sonra Qurultayın əhəmiyyətini qeyd edirdi: “Qurultayın ən böyük tarixi əhəmiyyəti ondadır ki, türk-tatar xalqlarının nümayəndələri ilk dəfə olaraq qardaşlıq qurultayında görüşmək və mədəni məsələlərini həll etmək imkanı əldə etdilər. Qurultayın təşkilat komitəsinin sədri və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri yoldaş Ağamalıoğlu dedi: “Qurultay, şübhəsiz ki, yeni, azad bir bəşəriyyətin yaradılmasının böyük işinə öz töhfəsini verəcək. Axı, Şərqdə - milyonlarla xalqın mədəni inkişafı üçün möhkəm elmi təməl yaratmaq, Şərqin daxilində insanlığın böyük əksəriyyətinin - xaricidən gələn zülm və öz qərəzlərinin boyunduruğu altında olmaları zəncirindən qurtulması üçün məhz həmin Şərqi sarsıtmaq lazımdır”.

İ.Baraxov məqaləsinin sonunda yazmışdı: “Məqaləmi professor Çoban-Zadənin sözləri ilə yekunlaşdırıram: “Yeni əlifbanın qəbul edilməsi ilə türk xalqları Avropa mədəni ailəsinə daxil oldular. Avropa vasitələrinə malik olmaqla, türk-tatar xalqları öz düşüncə və fikirlərinin, eləcə də SSRİ-nin mədəni və inqilabi ideyalarının Şərqə ötürülməsində, mühüm rol oynayan vasitəçi kimi tanınacaqlar”.

Qurultayın stenoqramlarını nəzərdən keçirəndə o da məlum olur ki, bəzi Qurultay iştirakçıları 1926-cı il mart ayının ortalarına qədər Bakıda qalaraq, bir çox sənədlərin tərtibatında yaxından iştirak ediblər.

Birinci Türkoloji Qurultayda Sovet Şərqinin türk xalqlarının əlifbası, terminologiyası və orfoqrafiyasının təməli qoyulub. Əlifbanın latın qrafikasına keçirilməsi ideyası bir gözəl nəğmə kimi, bir sehrli səs kimi, dalğa kimi sərhədləri aşır, bütün türkdilli ölkələrdə yayılır və həyata keçirilirdi. Qurultaydan öz vətənlərinə dönən hər bir iştirakçı, Bakıda qəbul edilmiş qərarların həyata keçirilməsinə nail olurdu.

Beləliklə, 1927-ci il dekabrın 12-də Qırğızıstan MSSR Mərkəzi İcraiyyə Komitəsi latın qrafikasında əlifbanı ərəb əlifbası ilə eyni səviyyədə dövlət əlifbası kimi tanıyıb. 1927-1928-ci tədris ilindən başlayaraq bir sıra məktəblərdə latın qrafikasında əlifba tədris olunmağa başlayıb və 1928-1929-cu tədris ilindən etibarən bütün təhsil ona keçib. 1930-cu il yanvarın 1-də ərəb əlifbası Qırğızıstanda bütün rəsmi istifadədən çıxarılıb. Qazaxıstan 1929-cu ildə ərəb əlifbasından latın əlifbasına keçib. Elə həmin ilin may ayında Səmərqənddə keçirilən Respublika Orfoqrafiya Konfransında Özbəkistanda 34 hərfdən ibarət yeni özbək latın əlifbası – “yanaalif” təsdiq edilib. 1928-ci il yanvarın 3-də Türkmənistan SSR Mərkəzi İcraiyyə Komitəsi tərəfindən yenidən işlənmiş latın qrafikalı əlifba təsdiq edilib. 1928-ci ilin sentyabr ayından etibarən təhsil müəssisələrində tətbiq olunmağa başlanıb və latın əlifbasına son keçid 1929-cu ilin may ayında bütün sahələrdə başa çatıb. İkincisi, latın əlifbasının tətbiqi ilə hakimiyyət orqanları türk xalqlarını İslam mədəniyyətindən, ərəb əlifbasından və İslam ədəbiyyatı və dilçiliyinin xəzinələrindən uzaqlaşdırmaq üçün uğurlu bir cəhd göstərdilər və bununla da müsəlman mədəniyyətinin və ərəb əlifbasının türkdilli xalqlara böyük təsirindən qaçmağa başladılar. Bu fikir sənədlərdə birbaşa və ya açıq şəkildə bildirilməsə də, sənədlərdə özünü göstərirdi.

Məsafə baxımından uzaq, lakin könlümüzə çox yaxın Yakutiya da bu məsələlərdən kənar qalmayıb. 1928-ci il martın 19-da Yakut Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyəti nəzdində Yakut Ədəbiyyat Komitəsi (sədr P.A. Oyunski) yaradılıb. Leninqrad Canlı Şərq Dilləri İnstitutunun məzunu, linqvist Qavril Baişev 1928-ci il oktyabrın 13-də Komitənin akademik katibi kimi işə başlayıb. O, Yakut Ədəbiyyat Komitəsinin qərarı ilə vahid yakut əlifbasının yeni layihəsinin hazırlanması və yakut dili üçün terminologiya və orfoqrafiya prinsiplərinin hazırlanması üzrə geniş təşkilati işlərə rəhbərlik edib.

Müxtəlif dövrlərdə İ.N. Baraxov, V.N. Leontyev, A.F. Boyarov və II Semyon Nikolayeviç Donskoy Komitənin işində yaxından iştirak ediblər. Yakut Ədəbiyyatı Komitəsi Ümumittifaq Yeni Türk Əlifbası Mərkəzi Komitəsi ilə sıx əməkdaşlıq edərək SSRİ-də ümumi dil inkişafı siyasətinə töhfə verməyə çalışıblar. İdarəetmə aparatının yakutlaşdırılması (sonradan: yerliləşdirilməsi), ana dilində universal məktəb təhsili və vahid latın əlifbasına keçid əvvəllər zülm altında olan xalqlar üçün vahid mədəni çiçəklənmə siyasətinə əsaslanan hadisələr idi.

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın sədası kimi, 1929-cu il martın 9-da Yakut Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti yakut əlifbasının vahid türk əlifbasına çevrilməsi ilə bağlı tarixi qərar qəbul edib. Beləliklə, 1929-cu ildən 1939-cu ilə qədər Yakutiyada yakut dilində bütün çap materialları vahid latın əlifbasında olub.

Birinci Türkoloji Qurultay Sovet İttifaqında türkologiyanın inkişaf tarixində böyük rol oynasa da, 1927-ci ildən etibarən Qurultay iştirakçıları siyasi təqiblərə məruz qalıblar.

Türkoloji Qurultayın bütün iştirakçıları ümid edirdilər ki, Qurultayın qərarları SSRİ-dəki bütün türk xalqlarının gələcəyi üçün böyük, bəhrəli işlərin başlanğıcı olacaq. Təəssüf ki, həmin yaddaqalan qurultayın nümayəndələrinin əksəriyyəti sonradan, Birinci Türkoloji Qurultaya icazə verən eyni rəsmi orqanlar və şəxslər tərəfindən burjua millətçiliyində və digər təqsirlərdə ittiham ediliblər. 1930-cu illərin sonlarında, Qırmızı terror dalğasında qurultayın bir çox iştirakçısı pantürkizm, millətçilik və əksinqilabi fəaliyyətdə ittiham olunaraq, repressiyalara uğrayıblar və ünvansız ölüm düşərgələrinə göndəriliblər. Onların arasında Aleksandr Samoyloviç, Cəlal Qorxmazov, Bəkir Çobanzadə, Osman Akçokraklı, Əhməd Baytursınov, Salman Mümtaz, Ruhulla Axundov, İsidor Baraxov, Anempodist Safronov-Alampa, Hənəfi Zeynallı, Hikmət Cövdətzadə, Qasım Tınıstanov və başqaları var idi.

Birinci Türkoloji Qurultayda iştirakını ömrünün ən gözəl səhifələrindən sayan İsidor Baraxov 1938-ci ilədək dövlət xadimi və siyasi xadim kimi Yakutiyanın ali hakimiyyət orqanlarında rəhbər vəzifələrdə işləyib. Lakin 1938-ci ildə Stalin repressiya qılıncı onun da başının üstünü kəsib. Sentyabrın 15-də Moskva yaxınlığındakı Kommunarka deyilən həbsxanada güllələnib. 1956-cı il oktyabrın 31-də yakut xalqı onun adına bəraət verilməsinə nail olub.

Anempodist Safronov-Alampa 1927-ci ildə “Konfederalistlərin işi” cinayəti ilə həbs edilərək, əvvəlcə Novosibirsk, daha sonra Kazan, Butır türmələrinə göndərilib. 1928-ci il oktyabrın 29-da RSFSR-in Cinayət Məcəlləsinin ən ağır maddəsi ilə təqsirləndirilərək, əks-inqilabi təşkilat işində iştirakına görə 5 il müddətinə Solovesk Konsentrasiya düşərgəsinə göndərilib. Sonradan cəzası artırılıb. 1935-ci il dekabrın 24-də türmədə vərəm xəstəliyindən ölüb. 1962-ci il noyabrın 15-də ona bəraət verilib.

Şimal türkləri özlərini Türk dünyasının ayrılmaz qolu hesab edirlər. Yakutlarda belə bir deyim var: “xaan tardar” “qan dartır- qan çəkir”. Bu fikir əslində bütün türk xalqlarında eynidir. Bizi bir-birinə bağlayan qan tellərimizin rəngi Qırmızı terrorun qan rəngindən çox fərqlidir.

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay ötən 100 ildə bir gün də olsun unudulmadı. Bu tarix birlik, dirilik arzusunda olan hər bir türkün arzusu olaraq qanadlandı. Tanrı yaxşı əməllərə şahidlik edir və yaxşı əməllərin həyata keçirilməsi üçün yola çıxanlara yol verir. Həmin Qurultayda belə bir qərar da var idi ki, Türkoloji Qurultay iki ildən sonra Özbəkistanın ovaxtkı paytaxtı Səmərqənddə keçiriləcək. O zaman Qırmızı terror dalğası türkçülərin hamısının həyatını biçdi, qana boyadı... Qırmızı terror rəngi bizim uluların, əcdadların, cədidçilərin həyatına son qoysa da, onlardan sonra doğulub-törəyənlərin ruhunu öldürə bilmədi. Biz türklər, türkçülük ideyalarına işıq olanlar ruhumuzun səsinə qulaq verdik, o səsin arxasınca getdik.

2026-cı ildə yenə dünya türkləri Bakıya yığılacaq. O şanlı tarixi qeyd edəcəyik. Bu şanlı tarixə gələnə qədər isə, 10 il bundan əvvəl Azərbaycanda Birinci Türkoloji Qurultayın 90 illiyi qeyd olunub. Daha sonra isə Mərkəzi Asiyanın incisi Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının əsası qoyulub. Türk Dövlətləri Təşkilatının rəhbərləri türk birliyini yaratmaq və qorumaq üçün bu gün bir yumruğa çevriliblər. UNESCO kimi beynəlxalq təşkilat təsadüfi deyil ki, dekabrın 15-ni Beynəlxalq Türk Dili Ailəsi Günü elan edib. Gün o gün olacaq ki, özlərinin azadlığı və imperiya zəncirlərindən qırılmaq üçün vuruşan türk xalqlarının hamısı Türk Dövlətləri Təşkilatında bir araya gələcək. Türk Dövlətləri Təşkilatı Ortaq türk əlifbasını yaradıb və yayılma ərazisini genişləndirəcək. Ortaq türk dili dünyaya hakim olanda isə dünyada türk ədalətinin və türk həqiqətinin bərpası baş verəcək...

Xəbər lenti