Noyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində “Heydər Əliyev dərsləri”nin növbəti məşğələsi təşkil olunub. Tədbirdə Tarix və coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasında təhsil alan COG2502 və COG2504 qruplarının tələbələri iştirak ediblər.
Dərs Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolu haqqında məruzə ilə başlayıb. Qeyd edilib ki, Heydər Əliyev öz fitri istedadı və gərgin əməyi sayəsində istər təhsil aldığı illərdə, istərsə də dövlət və partiya orqanlarında çalışdığı zaman daim ən yüksək nəticələr əldə edib. Ulu Öndər 1969–1982-ci illərdə Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə respublikanın hərtərəfli inkişafını təmin edərək onu Sovet İttifaqında qabaqcıl yerlərə çıxarıb, 1982-ci ildə SSRİ miqyasında ən yüksək vəzifələrdən birinə təyin olunub.
1993-cü ildə xalqın tələbi və dəstəyi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə hökm sürən xaos və anarxiyanın qarşısını alıb, separatizm meyillərini aradan qaldırıb, idarəetmədə sabitliyi bərpa edib. Bununla da Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən qurtularaq davamlı sosial-iqtisadi inkişaf yoluna çıxıb. Ölkəmiz bu gün də onun formalaşdırdığı möhkəm təməl üzərində inkişaf etməkdədir.
Məruzə bitdikdən sonra tələbələr Mərkəzdə nümayiş olunan fotolar, arxiv materialları və eksponatlarla tanış olub, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə məlumat alıblar.
Tədbir Heydər Əliyevə həsr olunmuş sənədli filmin nümayişi, ardınca keçirilən sual-cavab və müzakirələrlə yekunlaşıb.